Hökumət antiinflyasiya qərarı qəbul edib, ət ucuzlaşacaq

   Hökumət antiinflyasiya qərarı qəbul edib,    ət ucuzlaşacaq
  22 İyun 2022    Oxunub:349
Nazirlər Kabineti “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edib.
AzVision.az -ın xəbərinə görə, qərarda heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı, vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərin azaldılması təmin edilib. Dəyişikliyə əsasən, identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.

Əvvəlki qaydalara əsasən, hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulmuşdu.

Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.

Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanlarının doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək.

Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək. Məlumat üçün qeyd edək ki, baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.

Bundan əlavə, hökumət “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilməsi təklifi ilə çıxış edib və Milli Məclisin bu gün keçiriləcək iclasında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. Layihənin qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Başqa sözlə, Qurban bayramı hər bir heyvanın maya dəyəri 25 faiz aşağı düşür.

Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır. Bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər.

AzVision.az

Teqlər:







Xəbər lenti