Ukrayna Rusiyanın səfərbərliyinə nə ilə cavab verəcək?

   Ukrayna  Rusiyanın səfərbərliyinə  nə ilə cavab verəcək?
  22 Sentyabr 2022    Oxunub:612
Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətindən sonra ölkədə qismən səfərbərlik elan edildi. 300 min vətəndaşı əhatə edəcək səfərbərlik Ukrayna cəbhəsində vəziyəti dəyişə bilər.
Maraqlıdır, Ukrayna hazırda düşmən ölkədə elan olunmuş səfərbərliyə cavab tədbirləri görəcəkmi?

Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi Fedor Venislavski deyib ki, ölkəsində oxşar tədbirlər görməyə ehtiyac duymur.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində, təhlükəsizlik və müdafiə sektorunun digər orqanlarında şəxsi heyətin sayı Ali Baş Komandan Vladimir Zelenski və Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tamamilə kifayət edir.

"Ukrayna-Rusiya cəbhəsində ssenarinin mənfi inkişafına dair heç bir risk görmürəm", - Venislavski vurğulayıb.

"Səfərbərlik böhranı" böyüyür: Rusiya sərhədi bağlayacaqmı?
O, xatırladıb ki, fevralın 24-də Ukraynada tam səfərbərlik elan edilib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin tərkibinə tapşırıqları yerinə yetirən 700 minə yaxın hərbçi cəlb edilib.

"Bu gün bu rəqəm istənilən təhlükəyə, o cümlədən Rusiya Federasiyasının Ukrayna ərazisində silahlı qüvvələrinin sayının artmasına adekvat cavab vermək üçün tamamilə kifayət edir. Ona görə də biz indi tərəfimizdən heç bir simmetrik hərəkətlər etməyə ehtiyac görümürük", - Kiyev rəsmisi qeyd edib.

Venislavski həmçinin bildirib ki, Rusiya Federasiyasında elan olunmuş qismən səfərbərlik dərhal heç bir nəticə verməyəcək. Onun sözlərinə görə, səfərbərlik proseduru kifayət qədər uzun vaxt aparacaq, həftələr çəkəcək.

Maraqlıdır ki, bu gün xaricdə təhsil alan ukraynalı kişilərlə bağlı yeni qərar açıqlanıb. Məlum olub ki, bundan sonra onlara hərbi vəziyyətin qüvvədə olduğu müddətdə xaricdə təhsil almaq üçün ölkədən çıxışa icazə verilməyəcək.

Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko yayılan məlumatı təsdiqləyib. Qeyd edilir ki, artıq sentyabrın 14-dən etibarən hərbi rəhbərlik tərəfindən oğlan tələbələrin sərhədi keçməsi imkanları ləğv edilib. Demçenko bunu təhsil sənədlərinin kütləvi saxtalaşdırılması ilə izah edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. O, xalqa müraciətində eyni zamanda bütün dünyanı nüvə silahı ilə hədələyib.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna   Rusiya   Səfərbərlik  







Xəbər lenti