Azərbaycan `tatar faktoru`ndan istifadə edə bilərmi? – TƏHLİL

Azərbaycan `tatar faktoru`ndan istifadə edə bilərmi? – TƏHLİL
  08 May 2014    Oxunub:1810
Ukraynada Putinin antimaydan kampaniyasını dayandıra və Rusiya üçün sanksiyaları kölgədə qoya biləcək problemi Krım tatarları yarada bilərlər. Tatarlar Krımın yerli əhalisi hesab olunur və bu faktı Rusiyanın özü də rəsmi səviyyədə qəbul edib. Tatarlar hər an öz hüquqlarının pozulduğunu elan edib, işğalçılara qarşı silahlı mübarizəyə başlaya və Rusiya üçün Çeçenistan dəhşətini yenidən yaşada bilərlər.

Onların müsəlman olmaları başqa ölkələrdən `kafirlər`ə qarşı cihad etmək istəyənlərin müsəlman qardaşlarına yardım üçün Krıma axımına səbəb olacaq ki, bu da Putini müharibə bataqlığına salacaq. Eyni zamanda, Rusiya tatarlara qarşı adekvat tədbir görmək üçün cavab zərbəsi endirdikcə öz daxilində yaşayan Tatarıstan tatarlarının etirazı ilə üzləşəcək.

Təbii ki, Kremlin təbliğat maşını tatarları `ekstremist` və `terrorçu` adlandıracaq, lakin bu faktorun Tatarıstan sakinlərinin öz Krımdakı soydaşlarının qırğınına göz yumacaqlarına gətirib çıxaracağı inandırıcı deyil. Yeri gəlmişkən bildirək ki, qeyri-rəsmi liderlərinin Krıma girişinin qadağan olunmasına etiraz edən tatarların fəaliyyətini Krımın yeni gənc və cazibədar baş prokuroru Nataşa adlı xanım `ekstremizm` kimi xarakterizə edib.

Yəni ruslar özləri artıq, prosesə start veriblər. Təbii ki, Putin Krım tatarlarının lideri Mustafa Cəmilovun onun xahişini yerə salması və qondarma referenduma qoşulmamasını ağsaqqala bağışlamaq istəmir. Hər halda, Mustafa Cəmilovun Krıma buraxılmaması tatarlar arasında narazılıqlara artıq səbəb olub və bu narazılıqlar böyüyərək yuxarıda qeyd olunan formanı da ala bilər.

Təbii ki, hansısa məqamda ABŞ tatar faktorundan Rusiyaya qarşı yararlanmaq fikrinə düşəcək. Bir məqamı vurğulamaq lazımdır ki, tatar faktorundan yararlanmaq istəyən qüvvə bu məsələdə Türkiyənin razılığını almalı, hətta Türkiyə ilə razılaşdırılmış fəaliyyət qurmalıdır. Mustafa Cəmilov artıq iki dəfə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşməklə, Ankara ilə hesablaşacağına işarə verib.

Eyni zamanda, xatırlamaq yerinə düşər ki, Cəmilov bəyanatlarının birində Azərbaycan Prezidenti İlham Əliyevin də adını çəkib və onunla məsləhətlaşmələr aparmaq istədiyini söyləyib. Krım tatarları öz ümidlərini dünyanın ən güclü türk dövlətinə bağlayır və hüquqlarının Ankara tərəfindən müdafiə olunacağını gözləyirlər. Eyni zamanda, etnik və tarixi amillər nəzərə alınmaqla Türkiyənin buna mənəvi haqqının çatmasını dünya ictimayyəti inkar etmir.

Ankara hələ ki, Krımla bağlı qəti addım atmır və hansısa sərt bəyanat verməkdən ehtiyatlanır. Çünki, Krımın geosiyasi ziddiyyət nöqtələrinin kəsişmə mərkəzində dayandığını anlayır və Türkiyədə keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi böyük qüvvələrlə münasibətlərinin pozulmasını istəmir.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Avropa Şurası nazirlər komitəsinin iclasında Krımda tatarların hüquqlarının pozulmasına aid hesabatla çıxış etməsi onu göstərir ki, məsələ heç də Ankaranın diqqətindən yayınmayıb və vaxtı çatanda lazımi tədbirlər görüləcək. Eyni zamanda, Davudoğlunun hələ ki, yüngülcə məsələyə qarışması maraqlı dünya ölkələrinə göstərmək üçün həyata keçirilir. Məqsəd isə Türkiyənin bu problemə sahibləndiyini nümayiş etdirməkdir ki, boşluqdan istifadə edib başqa qüvvə tatarların hüquqlarını qorumağa qalxışmasın. Eyni zamanda, tatarlara Türkiyənin onların probleminə biganə qalmadığı göstərilir ki, onlar da başqa qəyyum dövlət axtarışına çıxmasınlar.

Türkiyə tatar faktorundan həm Amerika həm də Rusiyadan hansısa tələblərini yerinə yetirmək üçün istifadə edə bilər. Elə, Ərdoğan Krımda antirus mübarizəsinin başlanması müqabilində Ağ Evlə sərinləşən münasibətlərini ilıqlada və eyni zamanda Suriya məsələsində özü üçün yenidən yaşıl işıq yandıra bilər.
Rusiyadan isə tatar probleminin qarşısını almaq müqabilində bir çox tələblərlə yanaşı, Dağlıq Qarabağ probleminin həllini də istəyə bilər. Krım problemi Türkiyə ilə Azərbaycanın Rusiyaya təsir üçün əlavə rıçaqlarından biri ola bilər. Bu planla hətta ABŞ da razı ola bilər. Məsələn Dağlıq Qarabağ problemi həll edilir və Ermənistan da daxil olmaqla Cənubi Qafqaz Türkiyənin, dolayı yolla isə Amerikanın təsir dairəsinə keçir, əvəzində isə Krımın anneksiyasına göz yumulur və tatarlar Ankara tərəfindən razı salınır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti