Kliçko: Kiyevdə işıqların kəsilməsi yaza qədər davam edə bilər

      Kliçko:   Kiyevdə işıqların kəsilməsi yaza qədər davam edə bilər
  28 Noyabr 2022    Oxunub:563
Kiyev meri Vitali Kliçko paytaxt sakinlərini yaza qədər elektrik enerjisinin kəsilməsinə hazır olmağa çağırıb. O, həmçinin şəhər əhalisinin qismən evakuasiya olunacağını da istisna etməyib.
“Biz elektrik kəsilməsinin yaza qədər ola biləcəyinə hazır olmalıyıq. Bu, aşağı temperaturla əlaqədardır, bir çox insanın istilik verən cihazları, isti döşəmələri var. Soyuq havada insanlar həmişə daha çox elektrik enerjisi istehlak edirlər. Ona görə də enerji sisteminə böyük yük düşür”, – mer RBC-Ukraynaya müsahibəsində bildirib.

O, həmvətənləri müxtəlif ssenarilərə, o cümlədən “pis ssenarilərə” hazır olmağa çağırıb.

“ Ən pis ssenarini istisna etmirəm. Tam evakuasiya olmayacaq, ancaq qismən ola bilər. Bunu evakuasiya adlandırmaq olmaz. Müəyyən kateqoriyadan olan insanların müvəqqəti olaraq şəhərətrafı ərazilərə köçürülməsidir”.

Kliçko təklif edib ki, imkanı olanlar şəhəri tərk etsinlər: “Yaxşı olardı ki, pis ssenari baş verərsə, imkanı olanlar şəhərətrafı qəsəbələrə getsinlər".

O, Kiyev əhalisindən danışaraq qeyd edib ki, hökumət orqanlarının məlumatına görə, hazırda şəhərdə 3,3 milyondan çox insan yaşayır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti