“Allah eləsin, bu gün ölməyim, ad günümdür...” | 20 yanvar hekayələri

   “Allah eləsin, bu gün ölməyim, ad günümdür...”    | 20 yanvar hekayələri
  19 Yanvar 2023    Oxunub:3731
AzVision.az yazıçı-publisist Rafiq Səməndərin 1990-cı ildə dərc olunmuş “Şəhidlər” kitabından “Şəhidlik də bir bəylikdir” adlı hekayəni təqdim edir.

Kimdir o bəy? Əzizov Habil Kommunar oğlu. Yanvarın 19-da 22 yaşı tamam olurdu. Sevincindən yerə-göyə sığışmırdı. O gün əyninə təzə kostyum alıb geyinmişdi. O gün əyninə təzə yun köynək alıb geyinmişdi. O gün bəy kimi geyinib-keçinmişdi. O gün Habil elə hey evə girib-çıxırdı. Bibisigilə gəlib soruşmuşdu:
- Mama, bax gör, bəyə oxşayıram?
- Oxşayırsan, oxşayırsan...
19-u axşam institut yoldaşlarıyla şəhərdə ad gününü keçirməliydi. 20-si rayona getməliydi. 25-də böyük qardaşı Etimad üçün nişan aparmalıydılar. Hələliksə o axşam “bəy” durmağa şəhərdə Habil özü hazırlaşırdı. Şəhidlik də axı bir bəylikdir.

Habil bala 1968-ci ilin yanvarın 19-da Qazax rayonunun Kalinin kəndində anadan olub. Atası Kommunar kişinin 7 uşağı var idi. Sovxozda fəhləliklə bu uşaqları saxlayıb, boya-başa çatdırırdı. Ailədə ən əziz uşaq Habil idi. Ölüm də elə ondan yapışdı.

Xalq Təsərrüfatı İnstitunun 2-ci kursunda oxuyurdu. Qiyabi... Semestr imtahanlarına gəlmişdi. Qiyabi tələbə kimi gəlmişdi Qazaxdan... Şəhid kimi qayıtdı. Şəhərdə bibisigildə qalırdı. Bibisigilin evi Hərbi Hospitalın arxasındakı Xutorda idi. Elə əmisi Ələsgərin evi də ordaydı. Bütün günü bu iki evin arasında gəzişirdi Habil. Gah bibisigilə dəyirdi, gah əmisigilə.

- Ay mama, xəbərim olmadan əmim arvadı mənə stol açıb.
- Bilirəm... biz də gələcəyik. Neçə yaşın tamam olur? (Maması çox gözəl bilirdi Habilin yaşını, yenə elə-belə zarafatla soruşdu.)
- İyirmi iki...
- Bay-bay... Lap qocalıb getdin bala, sən.
- Demə daha ay mama... Mama, sənə bir söz deyəcəyəm. Əsgərlikdə qızlar falıma baxıb deyiblər ki, sən 22 yaşında öləcəksən.
- Səfehləmə!!!

...Hansı qız deyib görəsən bu kəlməni Habilə? Hansı qız baxıb bu əsgər balanın falına? Nə insafsız qız imiş!.. Adam da əsgərin falına baxar? Baxırsan sən onun əlinə, ürəyinə bax... Gözünün içinə bax...


Mavi gözləri vardı. Şəkildə muncuq kimi parıldayır. Hayıf bu gözlər Habilə gözmuncuğu olub Habili qoruya bilmədi. Xırdaca əlləri vardı. Şəkildə ağappaq, həyatda isə qabar-qabar idi. Qazaxda inşaat briqadasında fəhləlikdən qalma qabarlar idi. Fermalar, yaşayış evləri tikirdi. Əlinin qabarı boyda bapbalaca bir ürəyi var idi. Ancaq bu ürəyə doğma torpağımız, böyük Vətənimiz, Qarabağımız yerləşirdi. Bu ürək bu Vətən üçün, Qarabağ üçün gecə-gündüz döyünürdü. Yanvarın 13-də dekanlığa, Qarabağa getməyi barədə ərizə yazıb vermişdi. “Qiyabiçi tələbəsən, olmaz” demişdilər.

...O gecə hamı - qohum-qardaş, dost-tanış, Habilin ad gününə yığışmışdı. Süfrə başına toplaşmışdılar. Hamı kimi Habil də deyib-gülürdü. Ancaq içindən nələr axıb keçirdi, bunu heç kəs bilmirdi. Əlini atıb o boyda süfrədən cəmi bir qismət çörək götürdü. Götürüb dişləyib, qoydu. Yeyə bilmədi, uda bilmədi çörəyi.

Çörəyi qoyub dedi:
- Mən kazarmanın yanına gedirəm.
- Nə olub axı?
- Orada yoldaşlarım var.
- Ay bala, ad günündü, əyləş çörəyini ye.
- Yox, getməliyəm.
- Habil, getmə.
- Bu çörək haqqı qayıdacağam,- deyib yeyə bilmədiyi çörəyi bir də əlinə götürüb and içdi.

...Getdi...Yeyə bilmədiyi çörək də onu saxlaya bilmədi. Qoruya bilmədi.
Mamasıoğlu da qalxdı ki, “mən də gedirəm”. Beləcə, evdən çıxdılar. Səhərə yaxın mamasıoğlunu qaytarıb evə ki, sən get, birdən sənə bir şey olar, mamam inciyər.
- Habil, gəl, sən də gedək.
- Yox, mən getmirəm, sən get... Allah eləsin, bu gün mənə bir şey olmasın, ad günümdü.
...Sonra onları tüstü, hay-küy ayırıb, Habili itiriblər.


Bütün gecəni Habilin bibisi yollarda onu axtarıb, tapmayıb. Bibisi deyir ki, oğul, heç yadımdan çıxmır, yolda bir yaralı oğlan qanı axa-axa mənə telefon nömrəsini dedi ki, zəng eləyim onlara. Nömrənin əvvəlini dedi, sonrasını deyə bilmədi.
- Xala... zəng elə... bizə... 98-72-...

Gördüm, oğlanı qan aparır. Yanımdan keçən bir əsgərin böyründən sallanan “apteçka”nı görüb, yalvardım ona: “Ya vas proşu, pomoqite. Mənə tərs-tərs baxıb nə qayıtsa, yaxşıdı?!
- Ölməzz!...
Elə belə, azərbaycanca dedi.
Ayaqlarım yapışdı yerə.

Necə olub o gecə məni vurmayıblar?! Tez qayıtdım evə. Gördüm, Azər gəlir, Habil isə yoxdur. Səhəri “Semaşko”ya getdik. Bir gün axtardıq, tapmadıq. 21-də yenə getdik. Sən demə, uşaq burada olubmuş, biz onu tanımamışıq. Ərim onu t əzə aldığı yun köynəyindən, bir də o axşam Azərin kurtkasını geyinib getmişdi, kurtkadan tanıyıb. Bədənində bir dənə də güllə yarası yox idi. Bir tərəfi təkərlərin altında qalıb əzilmişdi. Tanınmaz olmuşdu. Nə yaxşı ki, kurtka ilə köynəyi geyinmişdi.
4 gün sonra açılan "Səhər" - ARXİV

...Bir gün Azər deyib ona ki:
- Habil, gəl gedək, mənimlə şəkil çəkdirək.
Habil isə kədərli-kədərli Azərə baxıb deyib:
- Çəkdirmirəm
- Niyə?
- Onsuz da mən öləcəyəm, sonra sən baxıb o şəklə, yanıb-töküləcəksən...


...Guya indi yanıb-tökülmürmü Azər?

Habili Kalinin kəndində dəfn ediblər. Dəfninə bütün ətraf kəndlər, rayonlar gəlib. Dağlar, dərələr, öz yaşında ağaclar, pöhrələr gəlib. Dağların başı sağ olsun. Atanın, ananın, torpağın başı sağ olsun, qalan igidləri dursun. Habilin 22-dən o yana keçə bilmədiyi ömrü yaşasın.

***

- Mama, bilirsən, əsgərlikdə bir qız falıma baxıb deyib ki, sən 22 yaşda öləcəksən!
...O qız düz deməyib, Habil. Sən 22 yaşda ölməmisən, yenidən doğulmusan. Ancaq indi sənin başqa adın var – ŞƏHİD!

Hazırladı: Aygün Xankişiyeva



Teqlər:   20-yanvar   Şəhidlər  





Xəbər lenti