Ukraynaya göndərilməsi müzakirə edilən "Leopard 2" tankları: Üstünlükləri nədir?

   Ukraynaya göndərilməsi müzakirə edilən    "Leopard 2" tankları:    Üstünlükləri nədir?
  21 Yanvar 2023    Oxunub:6175
Ukraynada müharibə davam edərkən Qərb dövlətləri tərəfindən bu ölkəyə ağır silahların göndərilməsi də hər ötən gün artır. ABŞ, Fransa və Almaniya Ukraynaya yüngül zirehli maşınları göndərməyi öhdələrinə götürüblər. Bununla belə, 300 Qərb ağır tankına da ehtiyac olduğu bildirilib.
Ukraynada Sovet İttifaqı istehsalı olan T-72 tankları var. Böyük Britaniya məhdud sayda tank göndərməyə razılaşıb. Lakin Qərb ölkələri arasında əsas tank istehsalçısı Almaniyanın Ukraynaya "Leopard 2" tanklarını göndərib-göndərməyəcəyi sual altındadır.

Almaniyanın “Krauss Maffei Wegmann” şirkəti tərəfindən indiyədək 3500-dən çox “Leopard 2” tankı istehsal olunub. Hazırda dünyanın 19 ölkəsinin silahlı qüvvələrində bu tanklardan var. 4 nəfərlik ekipajla saatda 70 kilometr sürət yığa bilən bu tankın mənzili 450 kilometrdir.

İlk dəfə 1979-cu ildə təqdim edilən "Leopard 2" dünyanın ən böyük tanklarından biri hesab olunur. Onu digər tanklardan fərqləndirən əsas cəhət manevr qabiliyyəti və atəş gücüdür. "Leopard 2" atəş gücünü "Rheinmetall" (Almaniya və Avropanın ən böyük hərbi texnika və silah istehsalçılarından biri) istehsalı olan 120 mm-lik əsas silahına borcludur. 1500 at gücünə malik "MTU Friedrichshafen" istehsallı mühərrikləri də yüksək manevr qabiliyyətini təmin edir.

Hərbi ekspertlər qeyd edirlər ki, "Leopard 2" nin əsas üstünlüyü Avropadan Ukraynaya böyük həcmdə daşınmasının rahatlığı, təmir və ehtiyat hissələrinin tədarükünün nisbətən asanlığıdır.



Almaniya hələ ki, Ukraynaya döyüş tanklarının ixracına icazə verib-verməyəcəyini açıqlamayıb. Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, Ukraynaya "Leopard" tanklarının göndərilməsi ilə bağlı qərarın nə vaxt və necə veriləcəyi barədə indidən heç kim heç nə deyə bilməz.

Müttəfiqlər Almaniyanı təkmil "Leopard 2" tanklarının ixracına icazə verməyə çağırsalar da kansler Olaf Şolz ölkəsinin onları tək göndərə bilməyəcəyini bəyan edib.

Kansler iddia edib ki, Almaniya ABŞ, Fransa və digər müttəfiq dövlətlərlə strateji cəhətdən birdir. Silahlarla bağlı istənilən qərar Ukraynanın müharibədə qalib gəlməsinə kömək etmək üçün kollektiv səylərin bir hissəsi olmalıdır. "Biz onlarla işləyirik, onlarla danışırıq. Biz heç vaxt təkbaşına heç nə etmirik. Biz başqaları ilə, xüsusən də Ukraynanın müstəqilliyini və suverenliyini müdafiə etmək üçün bu birgə missiyada həlledici rol oynayan ABŞ-la birlikdə işlər görürük", - Şolz deyib.

Bu açıqlama ABŞ-ın "M1 Abrams" tanklarını göndərməyə razılıq vermədiyi halda Berlinin heç bir "Leopard 2" tankını göndərmək istəməməsi ilə bağlı şərhlərə səbəb olub. Məlumdur ki, Bayden administrasiyası "M1 Abrams" tanklarını Ukraynaya göndərməkdən çəkinir.

Almaniya özü "Leopard 2" tanklarını göndərməsə belə, başqa variant da var. Tankın istehsalçısı kimi Almaniya onlardan istifadə edən digər Avropa ölkələrinə ianə icazəsi verə bilər. Ukrayna ekipajı bu tanklardan istifadə etmək üçün təlim keçdikdən sonra “Leopard 2” tez bir zamanda Kiyevə göndərilə bilər.

Qərb ölkələri yardım üçün ötən ilin yayından Ukraynaya ağır silahlar göndərir. Əvvəlcə ABŞ təxminən 50 mil məsafədə peyklə idarə olunan raketləri atəşə tutan HIMARS reaktiv yaylım atəşi sistemlərini təmin etməyə başlayıb.

Bu ilin əvvəlində ABŞ, Fransa və Almaniya düşmən qüvvələrinə atəş açarkən piyadaların döyüş bölgələrinə daşınmasına kömək edə biləcək zirehli döyüş maşınları göndərmək barədə razılığa gəliblər. ABŞ Ukraynaya ilk olaraq 50 "Bradley" zirehli maşını göndərəcəyini açıqlasa da, daha sonra 90 "Stryker" zirehli maşını da verə biləcəyini deyib. Almaniya Ukraynaya 40 "Marder" döyüş gəmisi göndərəcək. Fransa Ukraynaya AMX-10 RC yüngül tankları verəcək. Bundan əlavə, ABŞ və Almaniya Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin etməyi öhdələrinə götürüblər. Britaniya keçən həftə Ukraynaya 14 "Challenger 2" tankı göndərəcəyini açıqlamışdı.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti