"İranın qəddarlığı artır": Yəhudi ekspertlər Əhməd Obalıya hücumu şərh edirlər

  "İranın qəddarlığı artır":  Yəhudi ekspertlər Əhməd Obalıya hücumu şərh edirlər
  26 May 2023    Oxunub:1731
Son günlər əslən Cənubi Azərbaycandan olan soydaşımız, "Gün.az TV"-nin yaradıcısı, hazırda ABŞ-da yaşayan siyasi mühacir Əhməd Obalının və oğlunun vəhşicəsinə döyülməsi beynəlxalq aləmdə geniş rezonans doğurub.
Gənc yaşlarından Tehrandakı mövcud rejimə qarşı olan siyasi baxışlarına və fəaliyyətinə görə təzyiqlərə məruz qalaraq, Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-a mühacirət edən Əhməd Obalıya və oğluna hücumun arxasında məhz İranın xüsusi xidmət orqanlarının dayandığı heç kimdə şübhə doğurmur. Bir sıra tanınmış ekspertlər də Əhməd Obalıya qarşı törədilən cinayətlərin heç də təsadüfi olmadığını və bu məsələdə məhz "İran izi"nin ortaya çıxacağını bildirirlər.

“Dona Gracia” diplomatiya mərkəzinin icraçı direktoru Raşel Avraham İsrailin “Israel Hayom” qəzetində dərc olunan məqaləsində Əhməd Obalıya hücumun Berlində və Cənubi Azərbaycanın bir çox şəhərlərində azərbaycanlıların İranın yeritdiyi ayrı-seçkilik siyasətinə qarşı etirazlarının 17-ci ildönümünə təsadüf etməsinə diqqət çəkir. O, hadisənin arxasında İran hökumətinin azərbaycanlılara qarşı repressiya siyasətinin dayandığını qeyd edib. “İran hökuməti Azərbaycan şəhərlərinin militarizasiyası, fəalların həbs və təqib edilməsi də daxil olmaqla, ekstensiv tədbirlərə əl atıb”,- israilli analitik vurğulayıb.


O qeyd edir ki, hazırda İrandakı azərbaycanlılar kritik sual verməyə başlayıblar: “Əgər İran Azərbaycan türkcəsini, Urmiya gölünü, Azərbaycan meşələrini və təbiətini müdafiə edə bilmirsə, deməli, ölkədə azərbaycanlı sosiumunu da qorumur. Bu halda Cənubi Azərbaycanın suverenliyinə hansı haqla etiraz edə bilərlər?”
Müəllif vurğulayır ki, İran hökuməti bu istiqamətdə üzərinə məsuliyyət götürmək əvəzinə irqi zəmində gərginlik yaratmaqla və öz ərazisini bölməklə məşğuldur. Buna görə də kritik suallar verməyin və etiraz etməyin vaxtı çatıb.

Əhməd Obalıya qarşı törədilən cinayətlə bağlı eksklüziv müsahibə verən Avropa Parlamentinin məsləhətçisi Manel Msalmi İrandakı azərbaycanlılara qarşı qeyri-insani rəftar nümayiş etdirildiyini deyib: “İrandakı digər qeyri-fars millətlər kimi, Azərbaycan icması da öz dilini öyrənmək, adət-ənənəsinə və mədəniyyətinə mənsubiyyət nümayiş etdirmək hüququndan məhrumdur. Bir sıra azərbaycanlı hüquq müdafiəçilərinin əsassız şəkildə həbs olunmalarından sonra İran rejimi ölkədə yaşayan qeyri-fars millətlərə qarşı qəddarlıq və ayrı-seçkilik siyasəti, eləcə də qeyri-insani rəftar nümayiş etdirib. İrandakı azərbaycanlı əhali ən böyük etnik qruplardan biridir. Bərabər hüquq və azadlıqlar naminə mübarizə aparan azərbaycanlı fəalların hədəfə alınması rejimin qeyri-fars əhalinin qiyamlarından qorxduğunu sübut edir”.

Soydaşımızdan müsahibə götürmüş yəhudi əsilli amerikalı jurnalist Kerolayn Qlik paylaşdığı tvitdə Obalının yaxşı bir insan və centlmen olduğunu bildirərək, onun tez bir zamanda sağalmasını arzulayıb: "Əhməd Obalının nüfuzundan, eləcə də onun Cənubi Azərbaycanın azad edilməsi yönündə etdiyi çağırışların ölkədə kütləvi azadlıq mübarizələrinin davamına təkan verməsindən qorxan İrandakı teokratik hakimiyyət onu bu terror hücumu ilə öldürməyə çalışıb. Məhz bu baxımdan da, insan haqlarının qorunması və terrorla mübarizə müstəvisində fəaliyyət göstərən insanlar Əhməd Obalıya qarşı törədilən bu cinayəti pisləyərək, onun tezliklə mübarizə meydanına qayıtmasını səbirsizliklə gözləyirlər".

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Obalı   İran  





Xəbər lenti