Zığ-Hava limanı avtomobil yolu təmir olunur

   Zığ-Hava limanı avtomobil yolu təmir olunur
  08 Aprel 2024    Oxunub:1050
Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində təmir-bərpa işlərinə start verilib.
AzVision.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-bərpa işləri hazırda avtomobil yolunun 14-15-ci km-də aparılır.

Uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun müəyyən hissələrində monolit-beton örtükdə çatlar və dağılmış hissələr yaranıb.

Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır.

Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında monolit-beton tökülərək örtük bərpa olunur.

Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.

Sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.



AzVision.az


Teqlər:





Xəbər lenti