Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilib

  Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilib
  29 Noyabr 2024    Oxunub:381
Mingəçevir şəhərinin 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı verilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Elm və Təhsil Nazirliyinə və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıq.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 1992-ci il martın 12-də Xocalı rayonunun Pirlər kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Natiq Qasımov Xocalının Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

AzVision.az


Teqlər:





Xəbər lenti