Prezident Hacıqabul rayonunda olub - YENİLƏNİB

   Prezident Hacıqabul rayonunda olub -  YENİLƏNİB
  09 Aprel 2024    Oxunub:1397
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub.
Dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib.

Yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, torpaq yatağının qaldırılması, genişləndirilməsi, kipləşdirilməsi və müəyyən hissələrdə 10 metrə qədər genişləndirilməsi işləri görülüb.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində üçaşırımlı yeni dəmir-beton körpü inşa olunub.

Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Əsaslı yenidən qurulan avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Agro Dairy” MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində “Agro Dairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisinə başlanılıb.

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamına əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyanın xarici elektrik təchizatı işləri başa çatdırılıb.

Prezident İlham Əliyevə Hacıqabul suvarma layihəsi barədə də məlumat verildi. Qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin bildirildi ki, ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb.

Məlumat verildi ki, 2021-2023-cü illərdə 600-dək yerli fermer və sahibkar üçün müasir aqrotexniki torpaq becərilməsi üzrə təlimlər, “açıq qapı” günləri, tələbələr üçün təcrübə proqramları, universitetlərdə mühazirələr, eləcə də karyera günləri təşkil edilib.

10:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub.

Dövlət başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

AzVision.az


Teqlər:





Xəbər lenti