Hökumət büdcənin icrasına dair hesabat verəcək

   Hökumət büdcənin icrasına dair hesabat verəcək
  11 Aprel 2024    Oxunub:917
Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.
“Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirirlər. Bu dəfə hökumət 2023-cü ilin dövlət büdcəsinin icrasına dair Milli Məclisə hesabat təqdim edəcək.

Milli Məclisin müvafiq iclasında hesabatı, adətən, maliyyə naziri təqdim edir. Ancaq baş nazir də daxil olmaqla hökumətin digər üzvləri də iclasda iştirak edir, sual və təkliflərə cavab verirlər.

Müzakirələr zamanı Hesablama Palatasının həmin sənəd haqqında rəyi dinlənilir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2023-cü ilə dair hesabat tədbirində çıxışı zamanı deyib ki, qeyd olunan sənəd may ayının ortasına hazırlanacaq.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti bir qayda olaraq hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir.

2024-cü ilin martın 15-də Nazirlər Kabinetinin hesabatı dinlənilib. Bildirək ki, bundan başqa, parlamentin yaz sessiyası dövründə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da dinlənilir.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı daxili işlər nazirinin birinci müavini təqdim edir.

AzVision.az



Teqlər:





Xəbər lenti