"Təhsil naminə hərbi xidmət yaşı 19 olsun " - Kimlərə möhlət verilə bilər?

"Təhsil naminə  hərbi xidmət yaşı 19 olsun " - Kimlərə möhlət verilə bilər?
  29 Avqust 2024    Oxunub:1129
"Qəbul qaydalarının sadələşdirilməlidir" - təhsil eksperti
Məlum olduğu kimi, ali məktəblərə builki ixtisas seçiminin nəticələrini elan edib. Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27227 abituriyent isə ali məktəblərə qəbul ola bilməyib. Onların böyük əksəriyəti oğlanlardır. Növbəti qəbul imtahanları başlayana qədər onların əksəriyyətinin hərbi xidmət yaşı çatacaq və əsgərliyə gedəcəklər.

Bu səbəbdən hərbi xidmət yaşının 1 il artırılaraq 19 yaşa çatdırılması təklif edilir.

Təhsil eksperti Nadir İsrafilov AzVision.az-a bildirib ki, əsgərlik yaşının 18-dən 19-a qaldırılması təşəbbüsü ali təhsilin hamı üçün əlçatanlığını təmin etmək, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabət aparmaq baxımından faydalı ola bilər.

"Lakin kim zəmanət verə bilər ki, 11 il ərzində proqram materialını qəbul səviyyəsində mənimsəyə bilməyənlər bir il ərzində prosesi tam yerinə yetirə biləcək? Ümumiyyətlə əlavə edilmiş müddət ərzində o nə edəcək, ali məktəbə hazırlaşmaqla məşğul olacaq, yoxsa vaxtını boşa xərcləyəcək? Sözügedən kontingent təkcə imtahandan kəsilənlərdən ibarət olmayıb, universitetə sənəd verməyən xeyli sayda oğlanlardan da ibarətdir. Onların belə qısa müddətdə işləyəcəyi və ya hər hansı bir səmərəli işlə məşğul olacağı o qədər də real görünmür.

Bu problem hələ bir müddət əvvəl, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin "Elm haqqında" qanun layihəsindən çıxarılması zamanı da yaranmış, cəmiyyətdə heç də birmənalı qarşılanmayaraq gündəmin əsas mövzularından birinə çevrilmişdi. Belə ki, həmin il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdə kifayət qədər boş yer qalacağı ehtimalı, yəni magistr səviyyəsi üzrə plan yerlərinin namizədlərdən çox olması ilə əlaqədar idi. Milli Məclisdə belə bir arqumet də gətirilmişdi ki, magistrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Hərbi səfərbərlik haqqında" Qanunun predmetidir. Yəni, orada dəyişiklik olmadan burada dəyişiklik edilə bilməz.

Ekspert qeyd edib ki, "Hərbi səfərbərlik haqqında" Qanunda hər hansı bir dəyişiklik gözləməkdənsə, qəbul qaydalarında müəyyən sadələşdirmələr aparmaq daha məqsədə uyğun olardı.

"Məlum olduğu kimi təkcə bu il 600-dən çox bal toplayan iki nəfər düzgün ixtisas seçimi edə bilmədiyi üçün ali təhsil müəssisələrinə qəbul olmayıb. Bu səbəbdən hər il onlarla yüksək bal toplayan məzun ali təhsildən kənarda qalır. Bildiyim qədər ölkəmizdə hərbi xidmətə çağırışa möhlət müəyyən əsasla verilir. Sözügedən məsələ “Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında” qanunla tənzimlənir. Möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə, təhsili davam etdirmək üçün və digər səbəblərə görə verilə bilər. Olmazmı ki, qəbulda iştirak edib, yüksək bal toplayan, lakin ixtisas seçimində uğursuzluğa düçar olaraq ali məktəbə daxil ola bilməyən şəxslərin fərdi müraciəti əsasında onlara 1 il möhlət hüququ verilməsi barədə Qanunda dəyişiklik edilsin?!", - deyə N.İsrafilov bildirib.

Həmidə İbrahimova.
AzVision.az


Teqlər:





Xəbər lenti