Əməkdar artist: “Seçkilərin nəticəsi cəmiyyətimizin inkişafı üçün əhəmiyyətli olacaq”

   Əməkdar artist:    “Seçkilərin nəticəsi cəmiyyətimizin inkişafı üçün əhəmiyyətli olacaq”
  29 Avqust 2024    Oxunub:751
“Son illər ölkəmizdə bütün sahələrdə ciddi dəyişikliklər baş verir, islahatlar keçirilir. Həm daxili, həm də xarici siyasətimizlə bağlı mühüm addımlar atılır. Bu proseslərlə paralel olaraq Azərbaycanın tərəqqisi yönündə qanunverici orqanın da üzərinə böyük məsuliyyət düşür. Xalqımızı, dövlətimizi təmsil edən deputatların fəaliyyəti önəmli məna kəsb edir. Bu mənada növbəti seçkilər qarşıdakı illərdə Azərbaycan cəmiyyətinin inkişafı üçün əhəmiyyətli olacaq”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Əyyub Quliyev deyib.

O qeyd edib ki, yeni formalaşacaq parlamentdə geniş dünyagörüşlü, intellektual, həm də vətənpərvər insanların olması daha çox arzu olunandır: “Əvvəlki illərdə də Milli Məclisdə dəyərli siyasətçilərimiz, ziyalılarımız, iqtisadçılarımız təmsil olunublar. Parlamentdə mədəniyyət sahəsində çalışmış görkəmli şəxslər də fəaliyyət göstəriblər. Onlar xalqımız, mədəniyyətimiz üçün müəyyən vacib rol oynayıblar. Budəfəki seçkilərdən isə gözləntilərimiz daha böyükdür. Sentyabrın 1-də təşkil olunacaq seçkilərə pozitiv və böyük ümidlərlə yanaşıram. Xüsusən də mədəniyyət komitəsini maraqla izləmişəm və bu komitədə təmsil olunanlarla sıx əməkdaşlığımız olub. Ümid edirəm ki, yeni formalaşacaq komitədə əməkdaşlıqlar daha geniş vüsət alacaq. Bizə doğma olan mədəniyyət komitəsi ölkəmizin incəsənət və mədəniyyətinin tərəqqisi üçün yeniliklərə imza atacaq”.
AzVision.az



Teqlər:





Xəbər lenti