Paşinyan İlham Əliyevlə sərhəddə görüşmək istəyir
Dünən sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin imzalandığını xatırladan Paşinyan deyib ki, bu istiqaməti diqqət mərkəzində saxlamaq lazımdır. O, eyni zamanda, digər, çoxtərəfli formatları da istisna etmədiyini vurğulayıb.
Ermənistanın baş naziri 1991-ci il Alma-Ata Bəyannaməsinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin əsasını təşkil etdiyini təsdiqləyib.
Xatrıladaq ki, 2024-cü il aprelin 23-də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə iki ölkənin komissiyalarının səkkizinci iclasından sonra ilk dəfə olaraq bu yöndə addımlar atılıb. Proses Ermənistanın Azərbaycana qaytardığı sərhədə yaxın 4 azərbaycanlı kəndinin (Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılxacılı) ətrafındakı ərazidən başlayıb.
Aprelin 29-da isə iki ölkənin hökumətləri Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi üzrə işlərin yarıdan çoxunun tamamlandığını, orada 35 sərhəd sütununun quraşdırıldığını bildiriblər.
Bugünkü bəyanatında Paşinyan Azərbaycanı sülh müqaviləsinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və təsdiqləməyə, qalanları üzərində isə işi davam etdirməyə çağırıb.
Onun iddiasına görə, bu, diplomatik münasibətlərin qurulmasına imkan verəcək və digər məsələlərin həllini xeyli asanlaşdıracaq.
“Sülh müqaviləsinin yekun variantı 17 maddədən ibarətdir, onlardan 13-ü, o cümlədən ön söz razılaşdırılıb. Maddələrin əksər mətnləri razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, bütün razılaşdırılmış maddələr götürülsün və bunun əsasında sülh müqaviləsi imzalansın. Biz bunu zəruri hesab edirik, çünki müqavilənin bütün əsas prinsipləri bu maddələrdə razılaşdırılıb. Onlar imzalansın və təsdiqlənsin, digər məsələlər üzrə isə razılaşma davam etdirilsin”, - Ermənistanın baş naziri deyib.
Əslində Paşinyanın sülh sazişinin mərhələli şəkildə imzalanması təklifi siyasi möhtəkirlikdir və tarixdə belə təcrübə yoxdur. Bu mənada, İrəvan yalnız çərçivə sazişinin imzalanması ideyasını irəli sürə bilər ki, Azərbaycanın bu variantı da qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir. Çünki Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının ehtiva olunması bütün sülh variantlarının üstündən xətt çəkir və ya imzalanacaq istənilən bir sənədin hüquqi əsasını şübhə altına qoyur. Bu baxımdan, Azərbaycanın Ermənistan Konstitusiyasından müvafiq maddələrin çıxarılması tələbini irəli sürməsi heç də təsadüfi deyil.
Ermənistanın baş naziri ölkənin ən yüksək dairələrində noyabr ayında Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik qərarın olmadığını da diqqətə çatdırıb.
- Müvafiq vaxtda qərar verəcəyik. Hazırda həllimiz yoxdur. Ümumi vəziyyət, proseslər, atmosfer təbii ki, bu qərara təsir etməyə bilməz. Ancaq indi nəzəri cəhətdən danışsaq, heç bir qərarı istisna etmək olmaz. Hər şey vəziyyətdən və vəziyyətin qiymətləndirilməsindən asılıdır ki, bu da qərarımıza təsir edəcək”, - Ermənistan hökumətinin rəhbəri bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 2024-cü il iyulun 21-də İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində COP29-un prezidenti Muxtar Babayevin Ermənistanın Xarici İşlər nazirinə rəsmi dəvət məktubu göndərdiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Əliyev Paşinyan sərhəd