Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir

   Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir
  26 Fevral 2025    Oxunub:392
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir və cinayətdə təqsirləndirilənlər mühakimə olunurlar.
Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Zəfərdən sonra Xocalı faciəsinin anım gününün tamamilə fərqli hisslərlə keçirildiyini bildirən B.Muradova əlavə edib: “Artıq faciə qurbanlarının qisası alınıb və Xocalı sakinləri evlərinə, yurdlarına ailələri ilə birgə qayıdırlar. Xocalı hadisələri iki qonşu ölkənin insanlığa verdiyi dəyərin açıq örnəyidir. Azərbaycan hər zaman münaqişənin sülh və diplomatiya yolu ilə həlli istiqamətində səylər göstərir, ağır cinayətlər törədən şəxslərin mühakimə olunmasına və dünya ictimaiyyətini bir daha belə hadisələrin yaşanmaması üçün səfərbər etməyə çalışır.

Xocalı hadisələrində Vətən uğrunda səngərdə döyüşən əsgərlərə yox, öz evində, əliyalın mülki əhaliyə qarşı vandalizm törədilib. Bu faciə tamamilə fərqli prizmadan dəyərləndirilməlidir. Çünki Xocalı insanlıq əleyhinə cinayətdir, azərbaycanlılara qarşı törədilən soyqırımıdır. Bu gün mən hər kəs kimi onların ruhunun qarşısında baş əyirəm. Ancaq hər kəs bilməlidir ki, hazırda Azərbaycanın iradəsi, qətiyyəti, siyasi mövqeyi nəticəsində bu cinayəti törətməkdə təqsirləndirilən şəxslər hakim qarşısında, beynəlxalq hüququn normaları çərçivəsində cavab verirlər. Onlar məhz Azərbaycanda mühakimə olunurlar və bu yanaşma yalnız bizim üçün yox, eyni zamanda, ədalətsizliyə, etnik, milli ayrı-seçkiliyə görə soyqırımına məruz qalan hər kəs üçün nümunədir”.




Teqlər:





Xəbər lenti