Parlament Xocalı ilə əlaqədar müraciətlər ünvanlayıb

Bu soyqırım aktının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi olsa da, birbaşa icraçıları Ermənistanın silahlı qüvvələrinin üzvləri, erməni terrorçu qruplaşmaları və Xankəndidə yerləşən keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri olublar.
Müraciətlərdə qeyd olunur ki, Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu gün azad edilmiş bütün ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər bölgələrin sakinləri kimi, doğma torpaqlarına qayıtmağa başlayan Xocalı əhalisi də öz evlərində sülh və təhlükəsizlik şəraitində yaşayacaqdır.
Lakin Xocalı soyqırımı qurbanları hələ də ədalətin bərpasını gözləyir. Təəssüf ki, Ermənistan bu qətliamın və digər çoxsaylı müharibə cinayətlərinin icraçılarını ədalət qarşısına çıxarmaqdan imtina edir. Ermənistanın bu fəaliyyətsizliyi və törətdiyi qanun pozuntularına görə heç bir tədbir görməməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, cəzasızlığı möhkəmləndirir və regionda çoxdan gözlənilən sülh və sabitliyə ciddi təhdid yaradır.
Müraciətlərdə vurğulanır ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir. Sivil dünyanın bu soyqırımı qətiyyətlə pisləməsi gələcəkdə belə cinayətlərin törədilməsinin qarşısını almağa kömək edə bilər.
AzVision.az
Teqlər: