Qlobal Bakı Forumu I “Yeni dünya düzənində orta güclər”

Xarici işlər naziri baş verən bu hadisələrin qlobal düzənə, sülhə və rifaha təhdid olduğunu bildirərək deyib: “Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır. Bolqarıstan həmişə çoxtərəfliliyi dəstəkləyir. Biz addımlarımızı BMT-nin Nizamnaməsi əsasında atırıq. Hazırda bütün dünyada dəyişikliklər gedir. Bolqarıstan hər zaman ümumi dəyərlərə və prinsiplərə dəstək olub. Biz, həmçinin Ukraynada dayanıqlı sülhü bərqərar etməliyik”.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji şaxələndirilməsində mühüm rol oynayır. “Bolqarıstan öz dayanıqlı səylərini bundan sonra da göstərəcək. Elə etməliyik ki, enerji təchizatımız dayanıqlı olsun, həmçinin iqlimə də zərər vurmasın”, - deyə nazir vurğulayıb.
Avstriyanın sabiq xarici işlər naziri Benita Ferrero-Valdner ortamiqyaslı ölkələrin koalisiyasının tez bir zamanda qurulmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, əgər koalisiya qurulsa, bu, konkret bir dövlətə təsir göstərmə gücünə malik ola bilər. Həmçinin bunun vasitəsilə regional tərəfdaşlıq da yarana bilər.
"Mən xarici işlər naziri olan dövrdə də bunu demişdim: ortaq sülh, sabitlik kimi əsas təməli təşviq edən siyasəti dəstəkləməliyik və ortamiqyaslı ölkələr bu sahədə böyük dəstək vasitəçisi ola bilər", - deyə Benita Ferrero-Valdner diqqətə çatdırıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dəyişən dünyada ənənəvi dəyərlərin elə biz danışdığımız zamanda da pozulduğunu, məhv edildiyini bildirərək, BMT-nin Nizamnaməsinə uyğun gəlməyən halların göründüyünü billdirib. "Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkib. Biz Türk Dövlətləri Təşkilatını qurmuşuq və bu təşkilat hər il daha da güclənir. Qoşulmama Hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimir. Belə bir vaxtda Azərbaycan fəal diplomatik təşəbbüslər nümayiş etdirir", - deyə o diqqətə çatdırıb.
Nazir müavini ölkələrin müstəqil qərar qəbul etmək iqtidarında olmasını vacib amil hesab edib. Bildirib ki, ölkələr milli maraqlarını üstün tutmalıdır. "Həmçinin iqtisadi müstəqillik olmadan özünüzü müdafiə edə bilməzsiniz. Əgər dünyada öz yerinizi müəyyənləşdirmək istəyirsinizsə, birmənalı olaraq güclü iqtisadiyyatınız olmalıdır", - deyə E.Məmmədov qeyd edib.
İslandiyanın sabiq Prezidenti Olafur Raqner Qrimsson dünyanın yüksək templə dəyişdiyini vurğulayaraq, prezidentliyinin sonuncu dövründə Asiyanın böyük bir gücə çevrildiyinin şahidi olduğunu bildirərək deyib: "Biz görürük ki, Çin orta və kiçikmiqyaslı ölkələrlə münasibət qurur. Bu isə düzgün taktikadır".
Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç regional güc haqqında danışaraq bir çox məsələdə əsas rol oynamaq üçün böyük güclərin orta güclərlə ümumi baxışlarının olmasının vacibliyini vurğulayıb. O qeyd edib: “Burada, həmçinin etimad da böyük rol oynayır. Biz bir yenilik gətirmək istəyirik və şansımız da var. Lakin bu, istədiyimiz məcrada getməyə də bilər. Təkliflərimiz orta güclər, məsələn, Avropa İttifaqı və Çin tərəfindən dəstəklənə bilər”. Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov İkinci Dünya müharibəsindən sonra Amerikanın yeganə supergüc kimi özünü göstərdiyini qeyd edib. Sabiq Prezident, həmçinin Trampın tariflərlə bağlı qərarına orta gücdə olan ölkələrin necə münasibət göstərəcəyinin vacibliyinə də toxunub.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iqlim dəyişmələrinin, miqrasiya məsələlərinin, kibertəhlükəsizliyin, süni zəkanın bu gün dünyada qarşılaşdığımız əsas problemlərdən biri olduğunu qeyd edib. O diqqətə çatdırıb: “Bizə yenə də sülh lazımdır. Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh hələ də əldə olunmayıb. Kosovo yenə də Serbiya ilə problemli vəziyyətdədir. Orta Şərq problemli vəziyyətdədir. Orta Şərq gələcəyimizi formalaşdıracaq. Bunun üçün kollektiv səy və əməkdaşlıq lazımdır. Hazırda isə bunun əksi baş verir. Trampın siyasəti çoxtərəfliliyə xidmət etmir. Cari problemlərin həllinə gəldikdə onların əllərində böyük imkanlar var. Türkiyə orta ölçülü və regional bir gücdür. Türkiyə qlobal rifahın əldə olunmasında mühüm rol oynayır.
Müasir tarixdə dəyişikliklərin baş verdiyini deyən Maltanın sabiq Baş naziri Cozef Muskat kiçik güclərin azadlığı təşviq etdiyini vurğulayaraq bildirib: "Bu, seysmik bir dəyişiklikdir və ən çox qloballaşma ilə bağlıdır".
Latviyanın sabiq müdafiə naziri Artis Pabriks isə diqqətə çatdırıb ki, kiçik və orta ölkələrin arzusu həmişə ədalətlə bağlı olur. Onlar ədaləti ya beynəlxalq təşkilatlarda, ya da müdaxilə edəcək tərəfdaşlarda axtarırlar və konsepsiya, nəzəriyyədən asılı olmayaraq, istədiklərini edirlər.
Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar öz ölkəsi barədə danışaraq, kiçik dövlətləri açıq və fəal olmağa çağırıb. "Bizə müttəfiqlər lazımdır. Güclü ölkələr tək də bir hər şeyin öhdəsindən gələ bilərlər. Lakin kiçik ölkələr ləng davrana bilməzlər. Bu, onları ölümə sürükləyə bilər. Kiçik ölkələrin qərar vermək vaxtı gəlib çatıb. Biz islahatların önündə olmalıyıq", - deyə sabiq prezident əlavə edib. Panel iclası müzakirələrlə davam edib.
AzVision.az
Teqlər: