Qırmızı zərflərdəki milyard

// “Netflix”i quran şəxsin maraqlı biznes yolu

      Qırmızı    zərflərdəki milyard
  24 Mart 2025    Oxunub:1485
Cənubi Afrikada Svazilend adlı bir dövlət var idi. Bu yaxınlarda adı dəyişdirilib Esvatini oldu. Həmin cırtdan dövlətdə Rid Hastinq adlı bir amerikalı könüllü riyaziyyatdan dərs deyirdi. “Sülh Korpusu”nun tərkibində ora gedən Ridin düşünmək üçün vaxtı çox idi. Və o düşünərək, belə qərara gəldi ki, tənbəl amerikalıların filmlərə olan sevgisini divandan qalxmadan təmin etmək üzərində yaxşı biznes qurmaq olar.
Rid Hastinq belə düşünəndə hələ 1997-ci il idi, internet yenicə inkişaf edirdi. Bu gün o, dünyanın ən böyük onlayn videoxidməti olan “Netflix”in həmtəsisçisidir və 6,5 milyard dollar sərvəti ilə “Forbes” siyahısında 188-ci yerdədir. “The Hollywood Reporter” nəşri onu əyləncə sənayesində 100 ən nüfuzlu şəxsdən biri sayır.

İnvestorun nəvəsi, tozsoran satıcısı

Uilmore Rid Hastinq 1960-cı il oktyabr 8-də Massaçusets ştatının Boston şəhərində anadan olub. Milyarder özünü "gec yetişən uğursuz uşaq" adlandırsa da, striminq nəhəngi rəhbərinin uşaqlığını və yeniyetməliyini adi hesab etmək olmaz.

Ana tərəfdən Hastinqin ulu babası Alfred Li Lumis investisiya bankiri, xeyriyyəçi və akademik idi. O, 1929-cu ildə gözlənilən birja böhranını qabaqcadan görmüş, buna görə də Albert Eynşteyn, Enriko Fermi və Ernest Lourensin işlədiyi elmi laboratoriyaya sərmayə qoymuşdu.

Atası Uilmot Rid Hastinq Prezident Riçard Niksonun yanında Səhiyyə, Təhsil və Rifah Departamentinin hüquq məsləhətçisi idi. “Netflix”in gələcək baş direktoru uşaq olanda onun ailəsi atasının fəaliyyəti ilə bağlı prezidentin Kemp Deviddə yerləşən iqamətgahına dəvət edildi.

1978-ci ildə kiçik Rid Hastinq Kembricdəki Bukinhem Broun & Nikols Məktəbini bitirdikdən sonra bir il ərzində “Rainbow” tozsoranları satıb. Part-time yay işi kimi başlayan məşğuliyyət ona zövq verirdi. Sonra gələcək milyarder Men ştatındakı Boudin kollecində riyaziyyat öyrəndi.

Afrikada kənd müəllimi

Kollecdən sonra Hastinq bir yayı Virciniyadakı Kuantiko Dəniz Qoşunları Bazasında zabitliyə namizədlər məktəbində keçirdi. Ancaq sonsuz sayda sualları olan maraqcıl gənc oraya uyğunlaşa bilmədi.

Dəniz Piyadaları Korpusundan çətin vəziyyətdə olan ölkələrə kömək etmək üçün könüllülər göndərən humanitar təşkilata - Sülh Korpusuna keçdi. Beləliklə, Hastinq Svazilendin şimal-qərbində 800 şagirdi olan bir orta məktəbdə həndəsə və cəbr müəllimi işləməyə başladı.


“Biz ölkənin kənd ərazisi sayılan hissəsində idik: elektrik yox idi, yeməyi propan qazı və odunla bişirirdik. Əsas qidamız qarğıdalı idi. Mən samandan tikilmiş daxmada yaşayır və açılıb-bağlanan çarpayıda yatırdım”, – Netflix rəhbəri xatırlayır.

Bir dəfə 16 yaşlı tələbələrinə belə bir sual verdi: 2x2 m ölçülü otaqda döşəməni örtmək üçün nə qədər 50 sm-lik plitə lazımdır? Heç kim cavab vermədi, gənc müəllim məyus oldu. Ancaq məyusluq bir oğlan "cənab, zəhmət olmasa deyin, plitə nədir?" sualını verənə qədər davam etdi.

Hastinq məhz orada, Cənubi Afrikada sonralar “Netflix”i qlobal bazara çıxarmağa kömək edən ilk dərsini aldı: kontekstə qarşı diqqətli olmaq. “Kimsə nəyisə başa düşməyəndə onun axmaq olduğunu demirəm. Nəyi izah etmədiyimi düşünürəm”.

Hastinq orada risklə bağlı tolerantlığını inkişaf etdirdi: "Cibinizdə on dollarla Afrikada avtostopla gedirsinizsə, biznesə başlamaq o qədər də qorxulu deyil".

Proqramçılıqdan direktorluğa

Hastinq Massaçusets Texnologiya İnstitutunda (MIT) oxumaq istəyirdi, ancaq balı çatmadı. O, Stenford Universitetində kompüter elmləri üzrə magistr proqramına daxil oldu və burada süni intellekt üzrə ixtisaslaşdı.

Diplomunu aldıqdan sonra nəhəng neft-mədən şirkəti olan “Schlumberger”in süni intellekt laboratoriyasında işə düzəldi. Sonra bir neçə il kiçik və çox da uğurlu olmayan “Coherent Thought” startapında proqramçı kimi çalışdı. Burada o sonralar şəffaflıq ideyası ilə nəticələnəcək ikinci dərsini aldı. “Netflix”də buna "günəş işığını içəri buraxmaq" deyirlər. Bir səhər o, iclas zalının şüşə divarından nəyisə intensiv müzakirə edən şirkət rəhbərliyini gördü. Hər dəfə kimsə qəhvə süzmək üçün çölə çıxanda Hastinq ofisdən bayıra qorxu havası vurduğunu hiss edirdi. “Onda zəhmətimə və loyallığıma baxmayaraq, məndən nəyinsə gizlədildiyini anlamaq heç də xoş olmadı. Rəhbərliyin işçilərlə bölüşməyə tələsmədiyi mühüm bir sirri var idi”,- “Netflix” rəhbəri sonradan “Rədd olsun qaydalar. “Netflix”in unikal mədəniyyəti” kitabında yazacaqdı.


1991-ci ildə Rid Hastinq proqram alətləri hazırlamaq üçün “Pure Software” şirkətini qurdu. Dörd il sonra “Pure Software” fond bazarına daxil oldu. 1996-cı ildə Massaçusetsdən olan proqram təminatı istehsalçısı Atria Software ilə birləşdi. Hastinq proqramçı kreslosundan baş direktor kürsüsünə keçdi.

Şirkət 640 nəfərə çatdıqda, o, ətalət hiss etdi. İki dəfə işdən çıxmaq istədi. Vəziyyətin öhdəsindən gəlməyə konsentrasiya kömək etdi. “Mən konsentrasiyanı qiymətləndirməyi Odri Maklindən (sahibkar, “Fortune” jurnalının “Ən Nüfuzlu Qadınlar” və “BusinessWeek”in “Amerikanın 50 İş Qadını” siyahılarına daxildir) öyrəndim. Öyrəndim ki, iki ortabab məhsuldansa, bir yaxşısını istehsal etmək daha düzgündür”,- Hastinq deyir.

1997-ci ildə “Pure Software” şirkətini “Rational Software” şirkətinə 750 milyon dollara satmaq mümkün oldu.

Qırmızı zərflərdə biznes

1997-ci il avqustun 29-da Rid Hastinq və dostu Mark Rendolf “Netflix”i qurdular. Şirkət filmlərin DVD disklərinin göndərildiyi qırmızı zərflərlə məşhurlaşdı. Mağazaya getməyi tələb edən video və oyun distribyutoru “Blockbuster” ilə müqayisədə bu, yenilik idi.


1999-cu ildə “Netflix” abunə modeli üzərində işləməyə başladı: müştərilər gecikmə haqqı qorxusu olmadan eyni anda üç filmi icarəyə götürə bilərdilər. Daha sonra xidmət müştərilərə bir ay pulsuz sınaq müddəti təqdim etdi.

Şirkət 2002-ci ildə səhmlərini ilk dəfə birjaya çıxararaq 82,5 milyon dollar topladı. İnternetin inkişafı “Netflix”ə 2007-ci ildə yayım xidmətini işə salmağa imkan verdi. Artıq abunəçilər istənilən vaxt kompüterdə televiziya şoularına və filmlərə baxa bilirdilər.

2011-ci ildə Hastinq şirkəti iki yerə bölmək qərarına gəldi: “Netflix” verilişlərin yayımı ilə məşğul olacaq, yeni “Qwikster” xidməti isə DVD icarəsini idarə edəcəkdi. Ayda 10 ABŞ dolları olan birdəfəlik ödəniş əvəzinə, hər biri xidmət üçün 8 dollar tələb ediləcəkdi (ümumi qiymət artımı 6 dollar). Bu, müştərilərin etirazına səbəb oldu. Fiasko milyonlarla abunəçinin itirilməsi bahasına başa gəldi. “Netflix”in səhmlərinin qiyməti 75% ucuzlaşdı. “Qwikster” layihəsi tələsik geri götürüldü.

Məlum oldu ki, şirkətdə bir çox insanın “Qwikster”lə bağlı narahatlıqları varmış, lakin heç kim onları ifadə etməyə cəsarət etmirmiş. Bundan sonra Hastinq hər hansı yeni layihələrə başlamazdan əvvəl fəal etiraz səviyyəsini öyrənməyə qərar verdi.

Bu gün “Netflix” striminq xidmətləri üzrə dünya bazarında liderə çevrilib. Şirkət filmlər və seriallar istehsal edir və böyük kinostudiyalarla rəqabət aparır. “Netflix” beş FAANG texnologiya şirkətindən biridir: Facebook, Amazon, Apple, Netflix və Alphabet.

Hastinqin qaydaları

Rid Hastinq “Netflix”i dünyanın ən görkəmli şirkətlərindən birinə çevirən korporativ fəlsəfə və idarəetmə prinsipləri toplusunu inkişaf etdirib.
“Dürüstlük, həqiqət əlverişsiz olsa belə, ən yaxşı siyasətdir”: “Netflix” rəhbəri bu vacib fikri nikah məsləhətçisindən öyrənib. “O, məni çox yalan danışdığımı anlamağa məcbur etdi. Mən ailənin ən vacib şey olması haqda adi şeylər danışır, ancaq gec saatlara qədər işdə qalırdım",- Hastinq xatırlayır.

Nə qədər çətin olsa da, dürüst olmaq, başqalarının etimadını qazanmaq və real vaxtda səhvləri etiraf etmək tövsiyəsi nəinki ailə həyatını qaydaya salmağa kömək etdi, həm də bütün dünyada tanınan “Netflix”i qurmağa imkan verdi.


“Xeyirxahlıq və dürüstlük arasında mütləq bir ziddiyyət var. Eyni zamanda həm mehriban, həm də dürüst olmaq çətindir. Fikrimi sonradan qeyri-dəqiq başa düşüləcəyi dərəcədə yumşaltmaq istəmirəm"- milyarder hesab edir.

Daimi narazılıq

"Mən öz aramızda "biz geriyik" ifadəsindən istifadə edirəm, - Hastinq deyir. - Biz kifayət qədər yaxşıyıq. Ancaq üç ildən sonra olacağımız yerlə müqayisədə geriyik”.

Daimi narazılıq mövqeyi nəticə etibarilə daimi hərəkətə sövq edir. Bu gün onun işi şirkəti yeniliklərə sövq etmək, köhnəliyə meydan oxumaq və şirkətin irəliyə doğru növbəti böyük addımı nə vaxt və harada atmasını müəyyənləşdirməkdir.

Şirkətin maraqları

“Netflix”də bir çox məsələlər özünüidarəetmə ilə həll olunur. Hastinq tez-tez deyir ki, “Netflix” böyüdükcə o daha az qərar verir və qərarları bir araya gətirdiyi komandanın verməsinə şərait yaradır.

Hər bir işçi öz komandası üçün nə etməli olduğunu başa düşməli, əgər bunu başa düşmürsə, öyrənmək üçün kimə müraciət edəcəyini bilməlidir.

“Biz bir ailə yox, Güclülər Dəstəsində oynayan beysbol komandasıyıq. Məşqçi kimi mənim vəzifəm hər bir oyunçuya nəzarət etmək deyil, onlara çempion olmaq üçün oyun planını yerinə yetirmək imkanı verməkdir. Buna görə də, biz şirkətin ən ali maraqları naminə fəaliyyət azadlığını təşviq edirik”, - Netflix rəhbəri izah edir.

Özünüzü qoruyun

“İldə beş-altı dəfə bir həftəlik məzuniyyətə çıxmağa çalışıram. Şəxsi işlərlə məşğul olmaq üçün həftənin ortasında bir gün ayıra bilərəm, tətildə isə yeni ad və ya yeni marketinq kampaniyası haqqında düşünəcəyəm,”- Hastinq deyir. İşçilərə yeni vərdişləri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, həmkarları ilə danışmaq, hətta yoqa öyrənmək üçün vaxt lazımdır.


Şirkət işçilərə öz istirahət saatlarını və tətil cədvəllərini təyin etməyə imkan verən siyasəti ilə məşhurdur. İstənilən vaxt və istənilən müddətə istirahətə gedə bilərsiniz. Əsas odur ki, işi yarımçıq qoymayın. Əgər komanda işini başa vurubsa, tam tərkibdə məzuniyyətə çıxa bilər. Əgər bir işçi layihədəki tapşırığını yerinə yetiribsə və komandanın ona ehtiyacı yoxdursa, gedə bilər.

Təhsil sahəsində xeyriyyəçi

Hastinq uzun müddətdir dövlət təhsil siyasəti ilə maraqlanır və onu dəyişmək üçün milyonlarla dollar sərmayə qoyur. O, yeni çarter məktəblərinin - ixtisaslaşdırılmış kurrikulumları olan müstəqil məktəblərin yaradılması üçün 1 milyon dollar ianə edib.

2016-cı ilin yanvarında 100 milyon dollarlıq xeyriyyə fondu təsis edib. Ümumilikdə 1,5 milyon dollar məbləğində olan ilk iki tranş kollecdə təhsil alan qaradərili və latınamerilakı gənclərin təqaüdləri üçün “United Negro College Fund и Hispanic Foundation” Fonduna ayrılıb.

2020-ci ilin aprel ayında Rid Hastinq və həyat yoldaşı Petti Quillin GAVI-nın (məqsədi yoxsul ölkələrdə uşaq peyvəndinin əlçatanlığını artırmaq olan bir sıra özəl və dövlət təşkilatlarının tərəfdaşlığı) COVID-19-a reaksiyasını dəstəkləmək və dünyanı yeni epidemiyalardan, digər yoluxucu xəstəliklərdən qorumaq üçün 30 milyon dollar ianə etdilər.

2020-ci ilin iyun ayında cütlük HBCU (United Negro College Fund) kollec və universitetlərində təqaüdləri maliyyələşdirmək üçün 120 milyon dollarlıq şəxsi ianə etdi. “Recode”nin hesabatına görə, “Netflix” baş direktoru eyni vaxtda Kolorado ştatındakı Qayalı Dağların ətəyində dövlət məktəbi müəllimləri üçün sağlamlıq mərkəzi olan “Retreat Land at Lone Rock”u tikməyə başlayıb.

Rid Hastinq daha nələr edib?

2000-2004-cü illərdə Hastinq Kaliforniya Ştatı Təhsil Şurasının prezidenti olub.
2006-cı ildə “Time Inc”ə məxsus “Business 2.0” jurnalı “Netflix” qurucusunu “əhəmiyyəti olmayan” 10 nəfərlik siyahıya daxil etdi. Buraya Mark Zukerberq və Stiv Balmer də daxil idi. “Onlar keçmiş uğurlarına görə nə qədər hörmət qazansalar da, ən yaxşı günləri arxada qalıb”, - məqalədə deyilirdi.
2007-ci ildən 2012-ci ilə qədər o, “Microsoft”un Direktorlar Şurasının üzvü olub.
2011-2019-cu illərdə - “Facebook”un direktorlar şurasının üzvü olub.

O, kinoya getməyə davam edir, çünki əlində popkorn digər tamaşaçılarla birlikdə qaranlıqda oturmağı xoşlayır.

2008-ci ildə Hastinq iş kabinetindən imtina etdi. Bəzən görüş otağına getsə də, işçiləri söhbət üçün yanına çağırmır, özü insanlara yaxınlaşmağa çalışırdı. Baş direktor gəzinti söhbətlərini sevir. O, şirkətdəki hər kəs kimi kapuçinonu da özü hazırlayır və yeməyini bufetdə yeyir.

Hastinq heç bir hobbisinin olmadığını etiraf edir: “Mən üzmürəm, balıq tutmuram. İntibah dövrü insanı qədər miskin və bədbəxtəm”.
Hastinqin həyat yoldaşı və uşaqları ilə birlikdə sığınacaqdan götürdüyü dörd iti, toyuqları və iki Nigeriya cırtdan keçisi var.
“Rədd olsun qaydalar. “Netflix”in unikal mədəniyyəti” kitabının müəllifidir.

Hastinq INSEAD Fransız biznes məktəbinin professoru Erin Meyer ilə birlikdə şirkəti ənənəvi idarəetmə üsulundan necə imtina etdiyi və komandası ilə birlikdə inam, azadlıq və məsuliyyət mədəniyyəti qurduğu haqda danışır. Kitab “Financial Times və McKinsey” nəşrinin 2020-ci il üçün tərtib etdiyi “Business Book” qısa siyahısına düşüb.

2021-ci ilin yanvarında “Netflix” ilk dəfə 200 milyon abunəçi həddini keçdi. Bu hadisənin şərəfinə şirkət rəhbəri “Denny's”də steyk sifariş etdi və onu evdə yedi. 2017-ci ildə 100 milyon, 2003-cü ildə isə 1 milyon abunəçini həddini keçməyi də eynilə bu cür qeyd etmişdi.

Məhəmmədəli Həsənov
AzVision.az


Teqlər: Netflix  





Xəbər lenti