QHT-lər üçün yeni imkan yaradılır

QHT-lər üçün yeni imkan yaradılır
  17 Sentyabr 2014    Oxunub:2580
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi olub.

Memorandumu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev imzalayıblar.

Səlim Müslümov qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı prosesində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verilir. Nazir bildirib ki, 3 illik müddət üçün imzalanan Memorandum ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əhalinin, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi ilə bağlı proqram və layihələrin hazırlanması, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması sahələrində gələcək əməkdaşlıq niyyətlərini ifadə edir:

- Digər tərəfdən, biz həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi, sosial sahədə fəaliyyət göstərən QHT-lərin potensialının gücləndirilməsi üçün birgə tədbir, təlim, seminarların təşkilində əməkdaşlıq etmək niyyətindəyik. Yeni iş yerlərinin yaradılmasına yönəlmiş tədbirlərin, əməyin ödənilməsi və mühafizəsi istiqamətində proqram və layihələrin hazırlanması, "Sosial xidmət haqqında" Qanunun müddəalarının tətbiqi, QHT-lər arasında müsabiqələrin təşkili işlərində də Şura ilə əməkdaşlıq nəzərdə tutulur.

Nazirliyin fəaliyyət sahələrində QHT-lərlə əməkdaşlığa toxunan S.Müslümov əlilliyi olan şəxslərlə, və sosial xidmətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın rolunu xüsusi qeyd edib: "Bu gün ƏƏSMN sosial xidmətlər üzrə 20-dən çox ixtisaslaşmış QHT ilə əməkdaşlıq həyata keçirir və nazirliyin sifarişi əsasında bölgələr üzrə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud uşağa və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsə müxtəlif növ sosial xidmətlər, həmçinin reabilitasiya dəstəyi göstərilir".

S.Müslümovun sözlərinə görə, bu il nazirlik tərəfindən elan olunmuş müsabiqələrdə 72 QHT iştirak edib, onlardan 36-sı müxtəlif layihələr üzrə qalib gəlib: "Bu il elan olunmuş layihələrdən 34-ü icra olunub və bu istiqamətdə 1 milyon 663 min manatdan artıq vəsait xərclənib. Lakin ümumilikdə layihələrin icrası üçün nəzərdə tutulmuş 110 min manat vəsait istifadə edilməmiş qalıb. Biz istərdik ki, bütün layihələr icra olunsun və bütün vəsaitlər də ödənilsin".

Nazir Memoranduma əsasən, nazirliyin nəzdində İctimai Şura yaradılacağını da deyib: "Yeni yaradılacaq İctimai Şuranın formalaşmasına və fəaliyyətinə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək veriləcək".

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-in vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa fəal mövqe nümayiş etdirməsindən söz açaraq bildirib ki, yeni imzalanan Memorandum bu sahədə işlərin daha geniş müstəvidə davam etməsinə imkan yaradacaq: "Hər iki qurum birgə əməkdaşlıq planının işlənib hazırlanması yolu ilə vətəndaş cəmiyyəti institutlarının davamlı inkişaf və tamlığına yardım göstərəcək. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsində belə səmərəli əməkdaşlıq əlaqələri mühüm rol oynayır. QHT-lər bu imkandan maksimum yararlanacaqlar. Eyni zamanda, QHT-lərin də üzərinə böyük məsuliyyət düşür".

A.Quliyev əlavə edib ki, bu gün imzalanan Memorandum digər dövlət qurumları üçün bir örnək olmalıdır.


Teqlər:





Xəbər lenti