Xarici borcumuzun həcmi nə qədər olmalıdır? – TƏHLİL

Xarici borcumuzun həcmi nə qədər olmalıdır? – TƏHLİL
  26 Noyabr 2014    Oxunub:5537
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin oktyabrın 1-inə ölkənin xarici dövlət borcunun səviyyəsi 6 milyard 380 milyon 700 min ABŞ dolları təşkil edib. Bu da Ümumi Daxili Məhsul (ÜDM) həcminin 8,5 faiz həddindədir.

Azərbaycanın iqtisadi vəziyyətinin yaxşı olduğunu göstərən amillərdən biri də həmişə qeyd etdiyimiz kimi, məhz bu göstəricidən ibarətdir. Belə ki, bu sahədə inkişaf etmiş ölkələrdə vəziyyət qeyri-qənaətbəxşdir. Onların əksəriyyətində xarici borc ÜDM həcminin 100 faizi ətrafında və yaxud da bundan yuxarı olduğu halda bizdə hökumətin son açıqlamasına əsasən, 2014-cü ilin yanvar-sentyabr ayları da daxil olmaqla, 8,5 faiz səviyyəsindədir.

Son vaxtlar ölkəmizin istər Dünya İqtisadi Forumunun qlobal iqtisadiyyatda rəqabətqabiliyyətliliyə, istər Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən bəri hazırlanan ölkələr üzrə biznesin tədbiqi sahəsində bir sıra göstəricilər baxımından əlverişlilik səviyyəsinə dair “Doing Business”, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən hər il hazırlanan hesabatlar üzrə iqtisadi vəziyyətinin yüksək dəyərləndirilməsində xarici dövlət borcunun ÜDM-ə nisbətdə az olmasının mühüm rolu var.

Ümumiyyətlə, dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənlik fonunda xarici dövlət borcunun 8,5 faiz təşkil etməsi və üstəlik, valyuta ehtiyatlarının artması böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 milyard dollar artaraq təxminən, 54 milyard dollara çatıb. Qeyd edək ki, sözügedən göstərici ÜDM həcminin 30-35 faizini təşkil edərsə və bunu aşarsa, təhlükəli sayılır. Azərbaycanda isə real olaraq bu, 5 dəfədən çox aşağı təşkil etməklə, valyuta ehtiyatları hesabına istənilən vaxt bağlanıla bilər.

Ancaq, borc zəif də olsa artan dinamika üzrə inkişaf edir. 2014-cü ilin əvvəlinə xaricə dövlət borcunun səviyyəsi ÜDM-in 8,2 faizini təşkil edirdisə 2014-cü ilin yanvarın 1-inə olan məlumata əsasən, 5,3 faiz aşağı səviyyədə idi.

Ümumiyyətlə, 2011-ci ilin yanvarın 1-inə olan məlumata əsasən, xarici dövlət borcu 3,857 milyard ABŞ dolları təşkil edirdisə, 2012-ci ilin əvvəlinə 24,9 faiz artaraq 4,817 milyarda (adambaşına təxminən, 535 dollara) çatmışdır. Xaricdən borc almağa başlanılan 1993-cü ildən ötən hər bir il ərzində onun səviyyəsi artıb. Və Azərbaycanın qeyd olunan müddət ərzində sürətlə inkişaf etməsinə rəğmən, xarici dövlət borcu bir istiqamətdə - artan dinakima üzrə dəyişib.

Azərbaycan borc almağa ilk dəfə 1993-95-ci illərdə başlamışdır ki, həmin illərdə müstəqillik yeni əldə olduğundan Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankından alınan kreditlər büdcə kəsirinin örtülməsinə sərf edildi. Bir az sonra isə neftin qiymətindən artıq gəlir əldə edilməsi nəticəsində dövlət büdcəsində xərclər gəlirləri üstələməklə yüksəlməyə, ÜDM istehsalı da ikirəqəmli təşkil etməyə başladı.

Buna rəğmən, xaricdən cəlb olunan kreditlər azaldılmalı olsa da iqtisadiyyatın bir sıra sektorlarına, xüsusən də infrastrukturun inkişafına borc vəsaitləri daha artıq yönəldilməyə başlandı. Nəticədə 2003-cü ildə ölkənin xarici borcu 1,575 milyard dollar təşkil edirdisə, 2010-cu ildə 3,86 milyard dollara qədər yüksəlməli oldu.

Ancaq ÜDM istehsalı artdığı üçün 2003-cü ildə ölkənin xarici borcunun onun həcmində pay səviyyəsi 23 faizə bərabər olduğu halda, 2010-cu ildə 9,3 faizə qədər azaldı.

Beləliklə də Azərbaycanın xarici dövlət borcunun səviyyəsi qeyd etdiyimiz kimi əvvəla, hələ təhlükəli həddə deyil, ikincisi də, xarici borca xidmət üzrə dövlət büdcəmiz xeyli geniş imkanlara sahibdir ki, üstəlik, borc vəsaitlərinin 7,4 faizi 10 ilə, 61,3 faizi 10 ildən 20 ilə, 31,3 faizi isə 20 ildən artıq olan müddətə cəlb edilmişdir. Üçüncüsü isə bir daha xatırladaq ki, hökumət xaricə borcu hər an bağlaya bilər.

Qısa desək, həm ölkənin mövcud maliyyə ehtiyatlarının həcmi ilə aradakı fərq, həm dövlət büdcəsindən ona xidmət, həm də ÜDM-ə nisbəti baxımından xarici dövlət borcumuz elə səviyyədədir ki, belə ölkələrə əslində, kredit verilmir.

Bütün bunlara rəğmən, Prezident İlham Əliyev qeyd edib ki, yaxın gələcəkdə xarici dövlət borcunun səviyyəsi aşağı salınmalıdır. "Baxmayaraq ki, bu vəsaitlər uzunmüddətli və aşağı faizlə verilib. Hesab edirəm ki, növbəti illərdə xarici dövlət borcumuz aşağı düşməli və biz, bu problemi tamamilə aradan götürməliyik" – deyə, hələ 2 il öncə, dövlət başçısı bəyan etmişdi.

Ölkənin maliyyə naziri Samir Şərifov da buna bahəm, hökumətin yaxın 5 il ərzində Azərbaycanın xarici dövlət borcunun səviyyəsini ÜDM-in 10 faizi həcmində saxlamağı nəzərdə tutduğunu bildirmişdi.

Bu isə ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli mühitin hələ uzun müddət qorunub saxlanacağı deməkdir. 2015-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı S. Şərifov qeyd etdi ki, sözügedən il üçün Azərbaycanın xarici dövlət borcu üzrə yuxarı limit 2014-cü ilə nisbətən 500 milyon azaldılaraq 1,5 milyard manat müəyyən edilib.

Ümumiyyətlə, qeyd olunan il üçün dövlətin əsas maliyyə sənədindən xarici borca xidmət məqsədilə 776 milyon manat nəzərdə tutulmuşdur ki, bu da borcun ÜDM həcminə mövcud nisbətini nəyinki qoruyub saxlanılmasına, onu hətta tədricən azaltmağa belə imkan verəcək. Bu isə dövlət başçımızın müvafiq məsələ ilə bağlı irəli sürdüyü strategiyaya tam uyğundur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti