`Nabucco`ya yeni nəfəs verilə bilərmi? – TƏHLİL

`Nabucco`ya yeni nəfəs verilə bilərmi? – TƏHLİL
  11 Mart 2015    Oxunub:2486
Avropa İttifaqı (Aİ) qaz idxalı sahəsində gələcəkdə daha dərin şaxələnməyə nail olmaq üçün, belə görünür, bütün variantları nəzərdən keçirir. Hətta əvvəl aktual sayılan, sonra gündəlikdən çıxan layihələri də. Halbuki, qiymətlər ucuz, habelə bir sıra digər amillər əlverişli olduğu vaxtda bir çox reallıqlara göz yumuldu. Təsadüfi deyil ki, bu günlərdə iki il öncə tarixin arxivinə atılmış “Nabucco West” də müzakirə obyektinə çevrilib.

Ancaq burada bir nüans var. Aİ idxalda şaxələnməyə nail olmaq istiqamətində Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi”ni prioritet sayırsa, “Nabucco West”in yada salınacağı gözlənilən idi.

Xatırladaq ki, adı çəkilən layihəni 2013-cü ildə Trans-Adriatik Boru Kəməri (TAP) gündəlikdən çıxartdı. Azərbaycanın “Şahdəniz” yatağının tam işlənməsi nəticəsində çıxarılacaq qaz Avropaya məlum olduğu kimi Gürcüstandan keçəcək “Cənub Qaz Dəhlizi”ndən, sonra isə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə TAP-dan keçərək çatdırılacaq.

Bir çox ekspertlər `Nabucco`nu real saymırlar. Lakin Rusiya prezidenti Vladimir Putinin keçən ilin sonunda Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsindən imtina etməsiylə əlaqədar Aİ-nin necə “çaş-baş” vəziyyətə düşdüyünü xatırlamaq yerinə düşər.

"Cənub axını" arxivə atılan kimi Aİ TANAP-ın gücünü ildə 20 milyard kubmetrə qədər artırmaq lazım gəldiyini irəli sürdü ki, bununla da qurumun bütün qeyd olunanlar baxımından əslində, konkret və yekdil fikrə sahib olmadığını üzə çıxdı. Yəni, Aİ ölkələrində enerji məsələlərində sırf iqtisadçılar və maliyyəçilər deyil, siyasətçilər məşğul olurlar. O səbəbdən ki, 20 milyard kubmetr az həcm deyil və qaz nəqli üçün çəkilən kəməri hər hansı bir istəklə və yaxud təkliflə genişləndirmək mümkün deyil.

Bunun üçün müvafiq qaz resursları, investisiya və sair lazımdır. Bu da əlavə mənbələr axtarmaq, Türkmənistan qazının da çəkilməli olan «Transxəzər» boru kəməri vasitəsilə ölkəmiz üzərindən ixracı layihəsi üzərində düşünməyi və araşdırma aparmağı tələb edir.

Elə bu səbəbdən də, Avropa komissiyası Azərbaycan və Türkmənistan ilə birgə üçtərəfli görüş keçirməkdə maraqlı olduğunu bildirib. Söhbət «Transxəzər» boru kəmərinin tikintisi ilə bağlı müzakirələr aparmaq istəyindən gedir ki, bu türkmən enerji resurslarını avropa bazarına çatdırmaq üçün ən uyğun vasitədir.

Yeri gəlmişkən, keçən ilin yekununa əsasən, adı çəkilən ölkədə 76 milyard kubmetr qaz hasil olunub ki, 45 milyarddan çox ixrac edilib. Cari ildəsə 80 milyard kubmetrdən çox hasilat gözlənilir.

Lakin türkmən qazını Xəzərin dibiylə boru kəməri çəkməklə “Cənub Qaz Dəhlizi” vasitəsi ilə Avropaya çıxartmaq nə dərəcədə realdır?

Məsələ bundadır ki, Rusiya Türkmənistandan qaz idxalını azaldıb. Cari il ərzində də azaldacaq. Söhbət, bir neçə 10 milyard kubmetrdən gedir. Digər marşrutlara gəldikdə İranın qaz ehtiyatları kifayət qədərdir, Çin isə bütün qazı almaq istəyir. Odur ki, ən sərfəlisi Avropa bazarıdır. Lakin buna nail olmaq asandırmı? Təbii ki, yox...

Aİ ilə ölkəmiz və Türkmənistan arasında «Transxəzər» boru kəməri haqda danışıqlar əslində 2011-ci ildə başlanıb. Ancaq burada Xəzərin statusu və sair kimi həll olunmamış məsələlər olduğundan məsələ açıq qalır.

Bakının təşəbbüsü ilə reallaşmış bir sıra layihələr göstərib ki, əvvəl absurd sayılan bəzi ideyalar gerçəkləşdikdən sonra nəyinki regional, hətta dünya bazarları üçün də əhəmiyyətli vasitəyə çevrilir. «Transxəzər» layihəsi də gerçəkləşərsə “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti arta bilər. Nəzərdə tutulan kəmərlərin gücünün artırılması üçün texniki imkanlar var. Lakin bunun üçün Avropa ölkələrinin müvafiq şirkətləri ilə maliyyə qurumlarının birgə istəyi və iştirakı lazımdır. Prinsipcə və texniki baxımdan hər şey mümkündür.

«Transxəzər» də TAP-ın 2013-cü ildə arxivə atdığı “Nabucco West”i dirçəldə bilər. Aİ əgər, Rusiyadan enerji asılılığını azaltmaq istəyirsə, TANAP və TAP-la birgə Azərbaycandan bütün axın imkanlarını bacardıqca genişləndirməsi imkanlarını təhlil etməli və bir çox məsələlərin təkcə, Bakıdan asılı olmadığını nəzərə almalıdır.

“Nabucco West” Azərbaycanın Xəzər regionunda “Şahdəniz-2” yatağından Rusiyadan yan keçməklə Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya xətti üzrə 1300 kilometr boru kəmərinin inşasını nəzərdə tuturdu.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti