Neft niyə yenidən ucuzlaşır? - TƏHLİL

Neft niyə yenidən ucuzlaşır? - TƏHLİL
  16 Mart 2015    Oxunub:5341
Ötən ay, yəni fevralda neftin dünya bazarlarında qiymətinin sabitləşməsi keçən ilin iyun ayından başlanan ucuzlaşma prosesinin tezliklə əksinə inkişaf edəcəyinə ümid yaratmışdı. Hətta müxtəlif markalı neft qiymətlərinin 50-60 ABŞ dolları arasında `rəqs etməsi` ucuzlaşmanın artıq arxada qaldığını deməyə əsas verirdi və nə qədər basqı yapılsa da, qiyməti 40-dan aşağı salmaq mümkün olmadığını göstərmişdi.

Bu da optimizm yaratmışdı. O baxımdan ki, son zamanlar neftin qiyməti şist hasilatından asılı olduğundan, həm ABŞ-da müvafiq sahədə qazma qurğularının sayının əhəmiyyətli səviyyədə azalması, həm də dünyada ən çox neft ixrac edən ikinci ölkə sayılan Səudiyyə Ərəbistanının Asiya-Sakit okean regionu ölkələrinə göndərdiyi neftin qiymətini birdən-birə 1,4 dollar artırması haqda qərarı buna zəmin yaratmışdı.

Belə ki, adı çəkilən ölkə heç vaxt 1 dollaradək artıma getməmişdi: anoloji qərarlar həmişə yalnız bir neçə sentlə ifadə olunurdu. Odur ki, sözügedən qərarın qəbulundan sonra Səudiyyə Ərəbistanı Krallığının neft naziri Əli Əl-Naimi də ölkəsinin neft bazarında tələb və təklifin tezliklə sabitləşməsində maraqlı olduğunu açıqladı.

Ümumiyyətlə, əvvəl də aydın idi ki, neftin ucuzlaşmasında onun hətta ən böyük ixracçısı sayılan Səudiyyə Ərəbistanı da səbəbsiz yerə razı deyildi. Əli Əl-Naimi vurğulayıb ki, ölkəsi bazarda balansın yaranması üçün “əlindən gələni” etməyə hazırdır. Ancaq bu təkcə Ər-Riyaddan asılı məsələ deyil. O mənada ki, bütün maraqlı tərəflər əməkdaşlıq və birgə hərəkət etməli, OPEK-ə üzv olmayan ölkələr də eyni addımlar atmalıdırlar.

Məsələ bundadır ki, Səudiyyə Ərəbistanın istəyi odur ki, onun neftinə alternativ olan qeyri-rentabelli layihələr üzrə hasil edilən anoloji məhsul təklifi bazardan çıxsın. Bu isə ilk növbədə Birləşmiş Ştatlarda şist neft hasilatına aiddir.

Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı Krallığının yuxarıda qeyd olunan qərarı, o cümlədən ardınca neft nazirinin müsbət çıxışı ABŞ-da şist neft sənayesi sahəsində şirkətlərin xərcləri azaltması səbəbindən qazma qurğularının sayının 70 faizə qədər ixtisara düşməsi nəticəsində hasilatın son 6 il ərzində minimuma enməsi xəbəri yayıldıqdan sonra nəzərə çarpdı.

Bəs, qiymətlər niyə yenidən ucuzlaşır?

Neftin qiymətini sabitləşməyə qoymayan və bahalaşması qarşısını alan ən böyük bəla ABŞ dollarıdır. Belə ki, amerika valyutası möhkəmlənməkdədir. ABŞ dolları ilə neftin qiyməti isə tərs mütənasibdir: dollar dəyərdən düşəndə neft bahalaşır, əksinə olduqda isə ucuzlaşır. Neftin ucuzlaşmağa başlaması da ABŞ-da Federal Rezerv Sistemi (FES) tərəfindən kəmiyyət yumşaldılması siyasətinin tezliklə dayandırılacağı haqda açıqlamadan sonraya təsadüf etmişdi.

Hələ bu, bir yana qalsın, cari ilin iyun ayında FES-in uçot dərəcəsini qaldıracağı gözlənilir. Bu isə dolların daha da möhkəmlənəcəyi deməkdir. Bundan əlavə, neft ehtiyatlarına bazar tələbatı kifayət qədər ləng artır. Bunun müqabilindəsə hasilat genişlənir.

Bütün bunlar OPEK-in iyun ayında keçiriləcək növbəti iclasında üzv ölkələr tərəfindən qiymətlərin hələ bir müddət də aşağı saxlanması haqda qərar qəbul olunacağını xəbər verir.

Təbii ki, neftin uzun müddət ucuz qalması istənilən halda onun hər bir hasilatçısı üçün büdcə kəsiri kimi problem yaradır. Ona görə də bu gün bir çox ölkələrdə maliyyə intizamının gücləndirilməsi və sərt vergi siyasəti ilə bağlı tədbirlər müşahidə edilir.

Bununla belə, vəziyyət hələ panika həddində deyil. Belə ki, məsələn, Səudiyyə Ərəbistanı neftin aşağı qiymətləri şəraitində bundan 8 il sonra da heç bir fövqəladə tədbirə əl atmaya bilər. Ancaq təbii ki, aşağı qiymətlər hətta ən böyük neft hasilatçısı olan ölkələrdə belə iri investisiya layihələrindən imtina edilməsi və yaxud bunların təxirə salınması ilə nəticələnir.

Odur sual yaranır: qiymətlər bir də nə vaxt arta bilər?

Qərb ilə Rusiya arasında, o cümlədən Yaxın Şərq regionunda bir sıra siyasi münaqişələr səngiməsə, dollar ucuzlaşmasa, dünya nəhənglərindən olan Çin iqtisadiyyatında geriləmə dayanmasa, Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarında durğunluq aradan qalxmasa, o cümlədən şist hasilatına azı 10-15 illik müddətinə kəskin zərbə dəyməsə, belə görünür ki, yaxın müddətdə bahalaşma olmayacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti