Kamal Abdulla beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış beynəlxalq elmi qurumdur.
Hazırda akademiyanın ABŞ, Fransa, İtalya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, Iraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırgızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedonya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri var. Türk dünyasının məşhur elm adamları, yazıçı və şairlərinin bütün dünyada tanıdılması və təbliği Akademiyanın ən önəmli vəzifələrindəndir.
"Unutmağa kimsə yox", "Qəribədi, deyilmi?!", "Kədərli seçmələr", bir çox xarici dillərə, o cümlədən Türkiyə türkcəsinə tərcümə edilmiş "Yarımçıq əlyazma", "Tarixsiz gündəlik", "Sehrbazlar dərəsi", "Labirint" və s. əsərləri ilə dünya şöhrəti qazanmış Kamal Abdulla yaradıcılığı qardaş Türkiyədə maraqla izlənilir, onun "Kitabi Dədə Qorqud" eposu ilə bağlı araşdırmaları türk ədədbiyyat tarixçilər və etnoqraflarının ən çox müraciət etdikləri əsərlər sırasındadır.
Görkəmli dilçi alim, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor-doktor Tuncer Gülənsoy Kamal Abdullanı hələ 1986-cı ildən tanıdığını və onun yaradıcılığını maraqla izlədiyini bildirib. Onun fikrincə, türk xalqları ədəbiyyatına, dilçiliyinə özünəməxsus dəst-xətt, yeni nəfəs gətirən akademik K. Abdulla heç nə yazmasaydı belə, "Kitabi-Dədə Qorqud" araşdırmaları ilə türk dünyası tarixində ən fəxri yerlərdən birini tutmağı haqq edən sənətkardır. Onun bədii yaradıcılığı isə hələ də özünün konstruktiv, obyektiv tənqidçilərini araşdırmaçılarını gözləyir. Türkiyədə də Kamal Abdulla nəsrinə, fəlsəfəsinə və yaradıcılıq dəst-xəttinə maraq gündən-günə artmaqdadır.
AzVision.az
Teqlər: