Putin Ukraynaya birbaşa danışıqlar təklif edib

Bu barədə Rusiya dövlət başçısı İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərinin yekununda KİV nümayəndələrinə müraciətində bildirib.
Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daha bir görüşün təşkili təşəbbüsünü dəstəkləyəcəyinə ümid etdiyini bildirib. “Biz danışıqlara ləngimədən, artıq gələn cümə axşamı – mayın 15-də başlamağı təklif edirik. Məlumdur ki, Türkiyə tərəfi belə danışıqların təşkili üçün dəfələrlə vasitəçilik təklif edib”, – deyə V. Putin bildirib.
O, həmçinin vasitəçilik səylərinə görə Türkiyə Prezidentinə təşəkkür edib və xatırladıb ki, bu cür danışıqlar nəticəsində bir vaxtlar razılaşdırılmış sənəd layihəsi hazırlanmış, lakin sonradan xarici təzyiqlər səbəbindən Ukrayna tərəfindən rədd edilmişdi.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ukraynanın bu təklifə reaksiyasını gözlədiyini təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna razılıq verəcəyi təqdirdə danışıqlar mayın 15-də səhər saatlarından başlaya bilər. Y. Uşakov əlavə edib ki, danışıqların keçirilməsi “yerdəki real vəziyyətdən” asılı olacaq.
2022-ci ilin yazında İstanbul danışıqları
2022-ci ilin martında İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında münaqişənin dayandırılması məqsədilə əsas danışıqlardan biri keçirilmişdi. Ukrayna nümayəndə heyətinə David Arahamiya, Rusiya tərəfinə isə Vladimir Medinski rəhbərlik edirdi. Danışıqlar Türkiyənin vasitəçiliyi ilə baş tutmuşdu və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfləri şəxsən qəbul etmişdi.
O zaman tərəflər Ukraynanın neytral statusunu müzakirə etmişdilər. Belə ki, Ukrayna NATO-ya üzvlükdən imtina etməli, əvəzində beynəlxalq təhlükəsizlik zəmanətləri almalı idi. Krımın statusu məsələsinin 15 il müddətinə təxirə salınması təklif edilmişdi, həmin dövrdə tərəflər hərbi gücdən istifadə etməyəcəkdilər. Donbas məsələsində müxtəlif variantlar, o cümlədən regionlara xüsusi status verilməsi müzakirə olunurdu. Ukrayna Təhlükəsizlik Şurasının daimi üzvləri daxil olmaqla, bir sıra ölkələrdən konkret beynəlxalq zəmanətlər tələb edirdi.
Prosesdə müəyyən irəliləyiş əldə olunsa da, danışıqlar sonda sülh sazişi ilə nəticələnmədi.
Moskvanın 2024-cü il iyun mövqeyi
Vladimir Putin danışıqların bərpasını daha əvvəl – 2024-cü il iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüş zamanı da təklif etmişdi. Həmin vaxt Rusiya Prezidenti bəyan etmişdi ki, Ukrayna rəsmən aşağıdakı addımları atacağı təqdirdə Moskva dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır. Moskva Kiyevdən Rusiyanın öz ərazisi kimi tanıdığı bölgələrdən qoşunlarını çıxarmağı, NATO-ya üzvlük planlarından imtina etməyi, bloklara qoşulmayan, nüvəsiz və neytral status qəbul etməsini tələb edirdi.
V. Putin vurğulamışdı ki, bu müddəalar, o cümlədən Ukraynanın silahsızlaşdırılması və silahlı qüvvələrin say parametrləri artıq 2022-ci ildə İstanbulda müzakirə olunmuş və ümumilikdə razılaşdırılmışdı.
Bundan əlavə, Moskva 2024-cü ildə Ukraynadakı rusdilli əhalinin hüquq və azadlıqlarının təmin olunması, Rusiyaya qarşı tətbiq edilmiş Qərb sanksiyalarının ləğvi, fundamental beynəlxalq razılaşmanın imzalanması kimi şərtlər də irəli sürmüşdü.
2025-ci il mayın 10-da verilmiş yeni bəyanatda Vladimir Putin bir daha dialoqa hazır olduğunu təsdiqləyib və qeyd edib ki, Rusiya bu dəfə heç bir ilkin şərt irəli sürmür. Lakin onun sözlərinə görə, danışıqların əsas mənası “münaqişənin köklü səbəblərini aradan qaldırmaq” olmalıdır.
AzVision.az
Teqlər: