AŞPA-da Narışkinə Azərbaycanla bağlı sual verildi

AŞPA-da Narışkinə Azərbaycanla bağlı sual verildi
  02 Oktyabr 2013    Oxunub:1178
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işini davam etdirir. Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin sessiyadakı çıxışında müasir dövrdə parlament diplomatiyasının mühüm amilə çevrildiyini, dünyada yaşanan bəzi siyasi problemlərin deputatların səyi ilə həll olunduğunu, Avropa Şurasının Avropa xalqlarının yaxınlaşmasında mühüm rol oynadığını bildirib.
AŞPA monitorinq komitəsinin fəaliyyətindən bəhs edən duma sədri komitənin sürətlə inkişaf edən hadisələrlə ayaqlaşmadığını, onun işində qəti dönüş yaratmaq vaxtının çatdığını, qurumda yenidənqurma və islahatlar aparılmasının vacibliyini vurğulayıb. O, dünyada getdikcə artan insan orqanları və narkotik maddə qaçaqmalçılığının, neofaşizm və rasizm meyillərinin güclənməsinin bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıb, belə hallara qarşı mübarizədə bütün Avropa ölkələrinin səylərini birləşdirməyin vacibliyini qeyd edib.

Rusiyanın yürütdüyü xarici siyasətə və Suriyadakı mövcud vəziyyətə toxunan Narışkin Avropanın bir çox ölkələrinin Suriyaya hərbi müdaxilənin əleyhinə olduqlarını, bu ölkədəki kimyəvi silahların məhv edilməsi məsələsində Amerika Birləşmiş Ştatları ilə ölkəsinin ümumi razılığa gəlməsini müsbət addım kimi dəyərləndirib.

Sonra Rusiya parlamentinin sədri AŞPA deputatlarının suallarına cavab verib. AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının rəhbəri, ispaniyalı deputat Pedro Aqramunt Sergey Narışkinə Rusiyanın Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında iştirak edən Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistana Avropa dəyərlərinə inteqrasiyada təzyiq göstərməsinə dair sual verib.

S.Narışkin suala cavabında demişdir: “Rusiyanın MDB ölkələri ilə siyasi, iqtisadi, humanitar və hərbi-texniki sahələrində böyük həcmli əməkdaşlığı mövcuddur. Buraya adını çəkdiyiniz ölkələr də daxildir. Gömrük İttifaqına daxil olmuş Rusiya, Qazaxıstan və Belarus kimi ölkələr bu quruma digər ölkələrin də cəlb edilməsində, onun genişləndirilməsində maraqlıdırlar. Amma bütün bu ölkələr ilk növbədə suveren ölkələrdir və onların hökumətləri və xalqları özləri qərar verməkdə müstəqildir. Rusiya bu məsələlərdə heç bir ölkəyə təzyiq göstərmir. Biz, sadəcə, hüquqi çərçivədə bu ölkələrə müqayisəli informasiya verməyə çalışırıq. Biz bu ölkələrin ümumi iqtisadi zona olan Gömrük İttifaqına, Avrasiya İttifaqına qoşularaq daha çox mənfəət götürmələrini istəyirik, yoxsa Avropa Birliyi ilə Assosiativ saziş barədə razılığa gəlsələr, onları nələr gözləyəcəyini bilmək olmaz. Biz bunu onların diqqətinə çatdırırıq. Ukraynaya gəldikdə, onun hansı təşkilata, hansı müqavilələrə qoşulmasından asılı olmayaraq, Rusiya həmişə bu ölkənin taleyi üçün narahatdır və bu məsələyə biganə qalmayacaq. Çünki orada bizim din və qan qardaşlarımız, bacılarımız yaşayırlar”.


Teqlər:  





Xəbər lenti