Qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək
İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May-Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.
“Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək.
“Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq. “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.
“Əhmədli-Həzi Aslanov” stansiyalarından qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının “Sərnişinlər” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində yerləşdiriləcək.
Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” mənzili və Bənövşəyi xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
AzVision.az
Teqlər: