Yanukoviçin üç seçimi – TƏHLİL

Yanukoviçin üç seçimi – TƏHLİL
  20 Fevral 2014    Oxunub:1430
Ukraynadan daxil olan məlumatlar ölkədə artıq vətəndaş müharibəsinin başladığını deməyə əsas verir. Hüquq-mühafizə orqanları ilə etirazçılar arasında baş berən qarşıdurmalarda hər iki tərəf müxtəlif növ odlu silahdan istifadə edir, ölənlərin sayı 25 nəfəri keçir, iqtidar müxalifəti, müxalifətsə iqtidarı xalqın qanını tökməkdə ittiham edir.

Bəzi region və şəhərlərdə hakimiyyət etirazçıların əlinə keçib, bəzi yerlərdə isə dövlət məmurları “maydan”ı dəstəklədiklərini bildiriblər. Hadisələr Suriya və Liviyada “ərəb baharı”nın başlanğıcını xatırladır.

Lakin Ukraynada ilə ərəb ölkələri arasında fərqliliklər var və bu fərqliliklər ən əvvəl daxili və xarici maraqlı qüvvələrdə özünü göstərir. Ölkə daxilində əsas maraqlı qüvvələr hakimiyyətini nə yolla olursa olsun qorumağa çalışan lakin qətiyyətsiz prezident Viktor Yanukoviç, hakimiyyəti ələ keçirib sonra öz aralarında bölmək istəyən Yasenyuk, Kliçko və Tyaqnibokun təşkil etdiyi müxalifət qüvvələri və ilk növbətə biznesinin təhlükəsizliyinə təminat axtaran və bu təminatı verəcək hakimiyyəti dəstəkləməyə hazır olan oliqarxlardır. Xaricdə isə, Ukraynanı özündən asılı salmaq istəyən Rusiya və Ukraynanı Rusiyadan qoparmaq istəyən Avropa Birliyi ilə Amerika qarşıduran əsas maraqlı qüvvələrdir.

Qərb ilə Rusiyanın Ukrayna uğrunda mübarizəsinin qanlı inqilaba dönüşməsinə rəvac verən amillərin başında qətiyyətsiz prezident Viktor Yanukoviç dayanır. Yanukoviç hakimiyyətini qorumaq üçün Rusiya Qərb və Ukrayna xalqı arasında balanslaşdırılaraq-razılaşdırılmış siyasət aparmağa çalışırdı. Ancaq banslaşdırılmış xarici siyasətin effektiv hesab olunacağı dövr geridə qalmışdı. Yanukoviç Rusiyanın qazın qiymətini qaldıracağından ehtiyat edərək AB-ə Assosiativ üvlükdən imtina etdi.

Doğrudur, qazın qiyməti düşdü və Rusiyadan 15 milyard yardım alındı. Lakin bu addın “Maydan” hərəkatının başlanması üçün müxalifətə bəhanə verdi və etirazlar başladı. Sonradan prezident etirazları yatırmaq üçün nümayış iştirakçılarına qarşı qanunlar qəbul etdirdi və güc tətbiq etməyə başladı. Bu etirazları daha da artırdı. Yanukoviç yenidən qorxuya düşdü bu dəfə müxalifətçilərə güzəştə getməyə başladı. Baş naziri istefaya göndərdi, həbs olunan etirazçıları azadlığa buraxdı, hökuməti müxalifətə verməyə hazır olduğunu bildirdi. Təbii ki, müxalifət belə güzəştlərdən daha da ruhlanacaqdı və ruhlandı da. Bu dəfə Qərbdən daha artıq dəstək alan müxalifət ölkənin 2004-cü il konstitusiyasının bərpa olunma tələbi ilə küçələrə axışdı. Prezident yenidən güc tətbiq etmək qərarına gəldi. Nəticəsi isə göz qabağındadır – inqilabi vəziyyət. Yanukoviçin bu dəfəki güzəşti təbii ki, kürsüsü ilə vidalaşması olacaq.

Yanukoviçin xalqa son müraciətindən də başa düşmək olar ki, bütün güzəştlərə gedildiyi halda etirazçıların nəyə görə meydanı boşaltmadıqlarını prezident hələ də anlamır. Yanukoviçin qərarları özünə qarşı işləyir.

Yanukoviçin bu məqamdan sonra üç seçimi var:

Bir - Hakimiyyət uğrunda mübarizəni sona qədər aparmaq. Rusiyalı deputatların bəyanatlarından hiss olunur ki, Moskva Ukrayna prezidentini bu yola sürükləmək istəyir. Belə olan halda ölkə uzunmüddətli vətəndaş müharibəsi ilə üzləşəcək. İqtidarı Rusiya, müxalifəti isə Qərb silahla təmin edəcək. Avropanın mərkəzində növbəti silah bazarı formalaşacaq. İnqilab isə ölkənin bölünməsi, hətta parçalanması, ayrı-ayrı bölgələrin öz müstəqilliyini elan etməsi ilə nəticələnəcək.

Rusiyanın Ukrayna prezidentini bu yola sürükləməsinin əsas səbəbi odur ki, Moskva Ukraynada özünə loyal hesab etdiyi Yanukoviçi itirmək istəmir və onun nə yolla olursa olsun hakimiyyətdə qalmasına çalışır. Ən azından Yanukoviç sonrakı mərhələdə Şərqi Ukraynanın Rusiyaya birləşməsi prosesinə rəhbərlik edə bilər. Eyni zamanda Yanukoviçin istefası Moskvanın ona borc verdiyi 15 milyardın da qaytarılacağını sual altına qoyur.

Birinci variantda Rusiya ilə Avropanın Ukraynaya qoşun yeritməsi də mümkündür. Ukrayna faktiki II Dünya Müharibəsindən sonrakı Almaniyaya çevrilə bilər.

İkincisi - Yanukoviçin reallıqla barışıb, istefa verməsi. Bu Ukrayna üçün ən ideal variantdır. Rusiya bu illik qazın qiymətlərini aşağı saldığı üçün Kiyevə gələn qışa qədər əlavə problem yarada bilməyəcək. Həmin müddətədək isə çıxış yolu tapıla bilər.

Üçüncüsü - Yanukoviçin gözləmə mövqeyini tutması. Çox güman ki, prezident məhz bu addımı seçəcək. Yanukoviç heç bir qəti addım atmayacaq. Nəticə isə ondan ibarət olacaq ki, müxalifətçilər güc yolu ilə prezident administrasiyasını ələ keçirənə qədər Yanukoviç öz kreslosunda oturacaq. Bu müəyyən vaxt aparacaq və ölkədə çoxlu sayda insan ölümünə səbəb olacaq. Yekunda isə yenə “Maydan” qələbə qazanacaq.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti