Geosiyasi İslamın böyük kapitalisti – GİZLİ GÜLƏN

Geosiyasi İslamın böyük kapitalisti – GİZLİ GÜLƏN
  04 Mart 2014    Oxunub:2403
Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla Fəthullah Gülən camaatı arasında başlamış mübarizə tərəflərin bir-birini ifşa edən telefon danışıqlarını yayma formasını alıb.

Maraqlıdır ki, Gülən-Ərdoğan konfliktində Azərbaycanın adı hallanır, yayılan bəzi telefon danışıqlarında Azərbaycanın Zakir Həsənov, Elmar Məmmədyarov kimi nazirlərinin adı səslənir. Türkiyənin bir sıra mətbu orqanları da Gülən camaatının Azərbaycanın hakim dairələrində geniş dəstəyə malik olduğunu bildirirlər.

Odur ki, Fətullah Gülənin kimliyi, məqsədləri, geosiyasi, eyni zamanda Azərbaycanın maraqları baxımından hansı mövqedə dayanması maraq doğurmaya bilməz.

Fəthullah Gülənin məqsədləri, kimliyi barədə nədənsə konkret məlumat mövcud deyil. Bu da onun şəxsiyyəti ətrafında qeyri-müəyyənliyin, hətta bəzi hallarda məxfiliyin olması onun hərəkatının bilinməyən gizli məqsədlər güdməsi kimi fikirlərin yayılmasına rəvac verir.

Türkiyə mətbuatında Fəthullah Gülən Amerikanın və Sionist rejimin xəfiyyəsi, Papanın gizli kardinalı, Qərbin müsəlman dünyasına göndərdiyi “Troya atı” kimi qiymətləndirilir, Qərb mətbuatında isə Gülən xristianları İslama gətirmək istəyən və İslam dövləti yaratmağa çalışan ikinci Xomeyni kimi.
Türkiyəli yazar Temel Demirerin Fəthullah Gülən hərəkatı haqqında apardığı araşdırmadan belə nəticəyə gəlmək olar ki, Gülən hərəkatını `nurçular` adlandırılması doğru deyil. Dini mütəfəkkir Said Nursinin ölümündən sonra onun əsərlərinin təsiri altında Türkiyədə ona yaxın hərəkat, yaxud təriqət yaranıb. Gülən hərəkatının əsas ilham mənbəyi Said Nursinin əsərləri olsa da, bu fikirlər Fətullah Gülənin interpretasiyasında təqdim olunur və digər nurçu təriqətlərdən fərqlidir. Nəticə etibarilə demək olar ki, Gülən hərəkatı Türkiyədə fəaliyyət göstərən təriqətlər içərisində ən cöx üzvü olan hərəkatdır.

Fətullah Gülənin əsas siyasi-ideoloji ideyalarını belə ümumiləşdirmək olar:

Əvvəla, türk islamçılığı. Gülən öz çıxış və yazılarında İslam dininin böyüklüyü, vacibliyi və s. barədə danışsa da, türk islamçılığını daha üstün sayır. Onun fikrincə, İslamın hər bir mənada ən böyük yüksəlişi Osmanlı dövründə olub. Yəni türklərin islamı qəbul etməsi bu dinin mahiyyətçə daha yuxarı mərtəbəyə qalxmasında böyük rolu olub. Gülən millətçilik ideologiyasına qarşı çıxır və hesab edir ki, bu, digər konfliktlərlə gətirib çıxaracaq. Belə nəticəyə gəlmək olar ki, Gülən də Türk millətçiliyini saxlamağın tərəfdarıdır, lakin digər millətlərin türklər tərəfindən assimlyasiya olunması üçün İslam faktorundan yararlanmağı doğru sayır.

Şiə və ələvilər barədə heç vaxt mənfi fikir səsləndirməsə də, Osmanlı dövrünün İslamının təbliği, xüsusən Yavuz Sultan Səlim və Sultan Süleyman kimi şiə Səfəvi dövləti ilə savaşlar həyata keçirmiş hökmdarların təbliği mahiyyət etibari ilə Gülənin sünni təriqətinin tərəfdarı olmasından xəbər verir.

Gülən öz yazılarında hər zaman dövlətə dəstək verilməsi, hər bir addımın dövlətlə razılaşdırılması, nə qədər zalım hakimiyyət olsa da, ona itaət göstərilməsini tövsiyə edir. Gülən kommunizm, sosializmin və anarxiyanın qatı düşmənidir. O, anarxiyadansa nə qədər qəddar və totalitar quruluşa sahib olsa belə, dövlətə sədaqətliliyi təbliğ edir, çünki dövlət anlayışı özü-özlüyündə nizam-intizam yaradan faktordur.

Fətullah Gülən kənardan adi din xadimi və hərəkatın ideoloji rəhbəri kimi görünsə də, əslində qurduğu böyük bir maliyyə imperiyasının rəhbəridir. Levent Toprak 2009-cu ildə dərc olunmuş “… ‘İslamçı Sermaye ve Fethullah Gülen Cemaati ” adlı məqaləsində qeyd edir ki, Türkiyədə qurulan MUSİAD (Müstəqil Sənayeçi və İşadamları Dərnəyi), TUSKON (Türkiyə İşadamları və Sənayeçilər Konfederasiyası), Dünya Ticarət Körpüsü təşkilatı, ASKON (Anadolu Aslanları İşadamları Dərnəyi) kimi qurumlar Fəthullah Gülənin nəzarətində olan təşkilatlardır.

1990-cı ildə qurulan MUSİAD-ın 2008-ci il göstəricilərinə əsasən 3 min üzvü var, fəaliyyəti Türkiyənin 28 bölgəsində həyata keçirilir və 10 minə yaxın işçi bu şirkətlərdə çalışırlar. MUSİAD-a üzv olan şirkətlər Türkiyədən ixrac olunan malların 11 faizini istehsal edirlər. TUSCON özündə 12 min üzvü birləşdirir, Türkiyənin 80 bölgəsində fəaliyyət göstərir və illik dövriyyəsi 7 milyard dollardan artıqdır. ASKON özündə 125 min işçini birləşdirir və illik dövriyyəsi 2.5 milyard dollar təşkil edir.

Bir vaxtlar Gülənin ən yaxın tərəfdaşlarından biri olmuş Nurəddin Veren hərəkatın ümumi illik dövriyyəsinin 25 milyarddan da artıq olduğunu və Vatikandan da güclü olmasını bildirmişdi. Türkiyə daxilində 88 fond, 20 dərnək, 128 özəl məktəb, 218 şirkət, 129 dərsanə, 500-ə yaxın tələbə yataqxanası, 17 yayın orqanı Fətullah Gülənin nəzarətindədir. Hizmətin ümumilikdə 92 xarici ölkədə 500 orta məktəb və liseyi mövcuddur və bu qurumlarda 100 mindən artıq insan işləyir.

Gülən hərəkatının Qazaxıstanda 28, Özbəkistanda 18, Türkmənistanda 15, Azərbaycanda 14, Qırğızıstanda 11, Monqolustanda 4, Əfqanıstan, İraq, Gürcüstan, Ukrayna və Rumıniya kimi dövlətlərin hər birində 5, Moldovada 2 məktəbi, Orta Asiya ölkələrində ümumilikdə 125 litsey, Azərbaycan, Monqolustan, Gürgüstan, Qazaxıstan, Türkmənistanın kimi dövlətlərin hər birində bir universiteti fəaliyyət göstərir.

Hyuston Universitetinin sosioloqu Elen Ebax bildirir ki, “Hizmət” üzvləri aylıq maaşlarının 5-20 faizini təşkilatın layihələrinin həyata keçirilməsi üçün könüllü şəkildə verirlər. Təbii ki, əlavə vəsaitlərin toplanması yeni şirkətlər, məktəb və universitetlərin açılması və yeni layihələrin həyata keçirilməsinə şərait yaradır. Bu isə son nəticədə hərəkatın böyüməsi və genişlənməsinə səbəb olur.

Təbii ki, yuxarıda qeyd olunan rəqəmlər tam dəqiq olmaya bilər. Ancaq, Fətullah Gülənin transkontinental gücə sahib olduğu qənaətinə gəlmək üçün kifayətdir. Məhz bu göstəriciləri gördükdən sonra Türkiyədə hansısa siyasi partiya lideri, yaxud, Ərdoğan kimi siyasi fiqurun Gülənlə müqayisə olunmaz dərəcədə gücsüz olduğunu demək mümkündür. Məhz bu səbəbdən, Wikileaks-da birvaxtlar “Ərdoğanla Abdullah Gülün Fəthullah Gülənin kuklaları olması” barədə məlumatın əslində əsassıs olmadığı ortaya çıxır.

Fəthullah Gülənin geosiyasi anlamda böyük təsirə malik gücə sahib olması təbii ki, hansısa qüvvələrin yardımı olmadan baş verə bilməzdi. Türkiyədə bəzi mətbu orqanlar Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin üzvü olduğu və Vaşinqtonun təlimatı və dəstəyi ilə fəaliyyətini qurduğunu iddia edir.

Gülənin MKİ-nin xəfiyyəsi olması və hərəkatın Amerika tərəfindən yaradılması inandırıcı olmasa da, hər-halda belə güclü hərəkatı Vaşinqtonun öz nəzarətindən çıxaracağı da inandırıcı deyil. Bəzi mütəxəssislər hesab edir ki, ABŞ bir vaxtlar Fəthullah Gülənin fikirlərinin Azadlıq radiosu və “Amerikanın səsi” radiosu vasitəsilə SSRİ məkanına yayılmasına şarait yaradırdı. Vaşinqton bu yolla SSRİ-də yer alan müsəlman respublikaların sovet ideologiyası və ateizmə qarşı çıxmasına çalışırdı. Hazırda da, Amerika üçün Pakistan və Əsqanıstan kimi ölkələrdə elmə söykənən islamın yayılması vacibdir və məhz buna görə Gülən hərəkatına yaşıl işıq yandırılıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Gülən məktəblərinin əsas yayılma arealı Cənubi Qafqaz, Şimali Qafqaz və Orta Asiyadakı türkdilli ölkələrdir. Burada məqsəd ondan ibarət ola bilər ki, həmin ölkələrdə artıq yuxarıda qeyd olunduğu kimi, Türk-islamçılığının yayılmasına nail olunsun. Bu növ İslamın kökündə sünnilik dayandığı üçün həmin dövlətlərə İranın gət-gedə təsir etmə imkanları zəifləyir, eyni zamanda bu, Rusiyanın ideoloji təsirindən çıxmaqda böyük rol oynayır.

Bununla bərabər, türk dövlətlərinin qarşılıqlı inteqrasiyasına zəmin yaranır. Təbii ki, Qazaxıstan, Azərbaycan, Türkmənistan və Özbəkistan kimi ölkələrin rəhbərləri Gülən hərəkatının fəaliyyətindən xəbərsiz deyillər və nədənsə “Hizmət”ə qarşı çıxmırlar. Demək ki, türk dövlətlərinin hamısında vahid, savada söykənən dini cərəyanın hökm sürməsi müəyyən qədər ölkələrin özlərinin maraqlarına cavab verir. Onsuz da insanlar hansısa dinə yaxud inanca sitayiş etməlidirlər və 70 il dinsiz yaşamış əhaliyə müxtəlif adlarda radikalizmə sürükləyən yaxud başqa ölkələrin maraqlarına uyan dini cərəyanlar təbliğ oluna bilər. Bunun isə gələcək fəsadları hər bir dövlət üçün acınacaqlı nəticələr verir.

Türk islamçılığı bir tərəfdən sünniliyə söykənməklə İranın təsirindən qoruyur, digər tərəfdən, türklüyə söykənərək sünni ərəblərin təsirindən bu dövlətləri sığortalayır. Bir anlıq belə bir təəssurat yaranır ki, Gülən cərəyanı xüsusi olaraq Türk dövlətləri üçün işlənib hazırlanmış dini cərəyandır.

Maraqlıdır ki, Putin hakimiyyətə gəldikdən sonra yəni 2000-ci ilin əvvəllərindən Şimali Qafqazda fəaliyyət göstərən “Hizmət” təşkilatının məktəb və dərsanələrində Federal Təhlükəsizlik Xidməti tərəfindən yoxlamalar başlandı. 2002-ci ildə Tatarıstandakı bəzi məktəblər öz fəaliyyətini dayandırdı, 2007-ci ildə isə “Hizmət”in ümumiyyətlə Rusiyada fəaliyyətinə qadağa qoyuldu. Putin artıq anlamışdı ki, “Hizmət”in fəaliyyəti öz tərkibində saxladığı türkdilli respublikaların əhalisinin sabahkı qopmasına hesablanıb. Məhz bu baxımdan, Gülən hərəkatının ABŞ-ın maraqlarına nəyə görə cavab verdiyini anlamaq mümkündür.

Belə bir ehtimal irəli sürülə bilər ki, Rusiya ilə yaxınlaşan Ərdoğanın Güləndən üz döndərməsinin arxasında Kreml dayanır. Yada Ərdoğan bilərəkdən belə bir oyuna gedir ki, Putinin etimadını qazansın və özü üçün Rusiyadan hansısa məsələdə güzəşt əldə etsin.

Amerikanın maraqları baxımından məsələyə yanaşarsaq, ABŞ türk dövlətlərinin Rusiyanın təsirindən çıxmasını, ancaq eyni zamanda digər islam dünyası ilə birləşməməsini istəyir. Ərdoğan isə, sünni faktorundan istifadə edib, Türkiyənin ərəb dünyası üzərində, yəni Yaxın Şərqdə hegemonluğuna can atdı. Bəlkə də buna görə cəzalandırıldı və Gülən qoyulan xətdən çıxdığına görə Ərdoğanla işbirliyini dayandırdı. Güman etmək olar ki, Türkiyənin növbəti prezidenti hərəkatın üzvlərindən biri olacaq və bu mənada Abdullah Gülün şansları çox böyükdür.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti