Xarici borcumuz niyə artır? - TƏHLİL

Xarici borcumuz niyə artır? - TƏHLİL
  05 Mart 2014    Oxunub:1635
Azərbaycanın iqtisadi vəziyyətinin yaxşı olduğunu göstərən amillərdən birincisi xarici dövlət borcu ilə əlaqədardır. Bu sahədə inkişaf etmiş ölkələrlə müqayisədə olduqca yaxşı vəziyyətdəyik. Onların əksəriyyətində xarici borc ümumi daxili məhsul (ÜDM) həcminin 100 %-i ətrafında və yuxarı olduğu halda bizdə hökumətin son açıqlamasına əsasən, bu ilin əvvəlinə 4,753.2 milyon manat (adambaşına təqribən, 511 manat) təşkil etməklə cəmi 8,2 % səviyyəsindədir.

Dövlət başçımız da böhran içində olan ölkələrdə bu rəqəmin 150% olduğunu bildirmişdi. “Böhrana o qədər də çox məruz qalmayan inkişaf etmiş ölkələrdə 70-80%-dir. Bizdə cəmi 7-8 %... Nəyə görə? Çünki biz lazım olmayan borcları götürmədik, populist vədləri icra etmək üçün borclanmadıq. Biz hər şeyi düşünülmüş şəkildə edirik ki, gələcək nəsillər bu borcların qaytarılması ilə məşğul olmasınlar" – deyə, Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdı.

Son vaxtlar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən iqtisadi vəziyyətimiz yüksək dəyərləndirilərək hər dəfə reytinq əldə etməyimiz də xarici dövlət borcu səviyyəsinin ÜDM-ə nisbətdə az olması təşkil edir: istər iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyə görə Dünya İqtisadi Forumu tərəfindən 39-cu yerə layiq görülməsində, istərsə də ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatında 100 mümkün baldan 61,3-nü toplamaqla dünyanın 186 ölkəsi sırasında 81-ci yerə çıxmağımızda məhz bunun rolu var.

Ümumiyyətlə, dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənlik fonunda xarici dövlət borcumuzun 8,2 % təşkil etməsi və üstəlik, valyuta ehtiyatlarımızın da artması böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, sözügedən göstərici ÜDM həcminin 30-35 %-ini aşarsa bu, təhlükəli hal sayılır. Bizdə isə real olaraq bu, 5 dəfədən çox aşağı səviyyədə təşkil edir ki, tələb olunarsa, valyuta ehtiyatlarımız hesabına həmin borcu bu gün də ödəyə bilərik.

Ancaq bir cəhət vardır ki, borc artır. 2011-ci ilin yanvarın 1-inə olan məlumata əsasən, xarici dövlət borcumuzun səviyyəsi 3,857 milyard ABŞ dolları təşkil edirdisə, 2012-ci ilin əvvəlinə 24,9% artaraq 4,817 milyarda (adambaşına təxminən 535 dollar) çatıb. Xaricdən borc almağa başladığımız 1993-cü ildən ötən illərin hər biri ərzində artmışdır. Və Azərbaycanın qeyd olunan müddət ərzində sürətlə inkişaf etməsinə baxmayaraq, xarici dövlət borcumuzun səviyyəsi yalnız bir istiqamətdə dəyişib - azalmaq əvəzinə artıb.

Xatırladaq ki, ölkəmiz borc almağa ilk dəfə 1993-95-ci illərdə başlamışdı ki, o vaxt iqtisadiyyatımız ağır durumda olduğundan Beynəlxalq Valyuta Fondu (BFV) ilə Dünya Bankından (DB) aldığımız kreditlər büdcə kəsirinin örtülməsinə sərf olundu. Bir az sonra isə büdcədə neftin qiymətindən artıq gəlir əldə etməsi fonunda xərclər yüksəldi və ÜDM istehsalı da, ikirəqəmli təşkil etməyə başladı.

Buna rəğmən, xaricdən cəlb olunan kreditlər azaldılmalı olsa da iqtisadiyyatın bir sıra sektorlarına xüsusən, infrastrukturun inkişafına borc vəsaitləri daha artıq yönəldilməyə başlandı ki, nəticədə də məsələn, 2003-cü ildə ölkənin xarici borcu 1,575 milyard dollar təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 3,86 milyard dollara qədər yüksəldi. Ancaq ÜDM istehsalı həcmi artdığı üçün 2003-cü ildə ölkənin xarici borcunun ÜDM-də pay səviyyəsi 23 %-ə bərabər idisə, 2010-cu ildə 9,3%-ə qədər azaldı.

Düzdür, əvvəla, Azərbaycanın xarici dövlət borcunun real səviyyəsi qeyd etdiyimiz kimi hələ təhlükəli həddə deyil. İkincisi, xarici borca xidmət üzrə dövlət büdcəmiz xeyli geniş imkanlara sahibdir ki, üstəlik, borc vəsaitlərinin 8,1 %-i 10 il, 43,6 %-i 10 ildən 20 il, ən çox - 48,3 % hissəsi isə 20 ildən artıq müddətə cəlb edilib. Üçüncüsü isə, bir daha xatırladaq ki, hökumət xaricə borcu hər an bağlaya bilər.

Qısa desək, həm ölkənin mövcud maliyyə ehtiyatlarının həcmi ilə aradakı fərq, həm dövlət büdcəsindən ona xidmət, həm də ÜDM-ə nisbəti baxımından xarici dövlət borcumuz elə səviyyədədir ki, belə ölkələrə əslində, kredit verilmir.

Bəs, xarici borcumuz niyə artır?

Bu suala cavab tapmaq üçün rəsmilərin müvafiq açıqlamalarına diqqət yetirmək kifayətdir. Xatırladaq ki, yaxın keçmişdə Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizin beynəlxalq maliyyə təşkilatları ilə heç bir problemi olmadığını bildirdi. Və əlavə etmişdi ki, “borc almasan və borc verməsən, sənə yaxşı baxmazlar. Çünki biz, açıq iqtisadiyyat qururuq “.

Ölkənin xarici dövlət borcunun artmasına dair maliyyə nazirinin müavini Azər Bayramov isə həmin vaxt demişdi ki, bu gün kənardan kredit cəlbində məqsəd heç də vəsait əldə etmək deyil, ölkəyə yeni texnologiyaların gəlməsinə və mütəxəssis axınına nail olmaqdır. 2011-ci ildə xarici borcun 24,9 % artımasında ölkəmizin bu məqsədlə bir sıra donor ölkələrlə və müxtəlif beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının mühüm rol oynadığı söylənmişdi ki, nəticədə iqtisadiyyatımızın gələcək inkişafı üçün vacib sayılan layihələrin maliyyələşdirilməsi məqsədi ilə ümumi dəyəri 1,67 milyard dollar dəyərində olan 12 kredit sazişi imzalandığı qeyd olunmuşdu.

Bütün bunlar, sözsüz, vacibdir. Və ölkəmizin BVF və DB kimi beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı davam etməlidir. Ölkənin xarici dövlət borcuna dair hökumətin açıqladığı məlumatda da göstərilir ki, məsələn, DB, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb olunan vəsaitlər iqtisadi islahatların dəstəklənməsi, elektrik stansiyalarının tikintisi və bərpası, aviasiya, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika kimi sahələrə sərf edilib.

Ancaq, Prezidentin də qeyd etdiyi kimi, yaxın gələcəkdə xarici dövlət borcu aşağı salınmalıdır. "Baxmayaraq ki, bu vəsaitlər uzunmüddətli və aşağı faizlə verilib. Hesab edirəm ki, növbəti illərdə xarici dövlət borcumuz daha da aşağı düşməli və biz, bu problemi tamamilə aradan götürməliyik" – deyə, 2 il öncə, dövlət başçımız bəyan etmişdi.

Yeri gəlmişkən, maliyyə naziri Samir Şərifov hökumətin yaxın 5 il ərzində Azərbaycanın xarici dövlət borcunun səviyyəsini ÜDM-in 10 %-i həcmində saxlamağı nəzərdə tutduğunu bildirmişdir. Fikrimizcə, bu da ölkə iqtisadiyyatına həm də investisiya qoyuluşu üçün əlverişli vəziyyət deməkdir.

Doğrudur, borcun “şişməsinə” yol vermək olmaz. Ancaq xaricilərlə əməkdaşlıq üçün hələ ki bu, vacibdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti