Ukraynalı ekspert: “Bir sıra ölkələrdə ərzaq qiyamları gözlənilir” – MÜSAHİBƏ

      Ukraynalı ekspert:    “Bir sıra ölkələrdə ərzaq qiyamları gözlənilir” –    MÜSAHİBƏ
  04 İyun 2022    Oxunub:2536
Ukraynada hərbi əməliyyatların başlanmasından dərhal sonra bütün dünyada xeyli sayda rəsmi şəxs və analitiklər bu müharibənin beynəlxalq ticarətə, xüsusən də qlobal ərzaq təhlükəsizliyinə əhəmiyyətli təsir göstərəcəyi barədə fikirlər söyləməyə başladılar. Rəqəmlərə görə, dünyada ən azı 240 milyon insan bundan təsirlənəcək.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us AzVision.az -a müsahibəsində deyib ki, aprelin 11-də Ümumdünya Ticarət Təşkilatı “Ukraynada böhran. Müharibənin qlobal ticarət və inkişaf üçün nəticələri” adlı hesabat təqdim edib. Hesabata görə, ərzaq və enerji qiymətlərinin yüksəlməsini, Ukrayna və Rusiyanın ixrac etdiyi malların azalmasını, bu səbəbdən ticarət və istehsal tempinin aşağı düşməsini ehtimal ki, bütün dünya hiss edəcək.


- Bundan əlavə qeyd olunub ki, yoxsul ölkələr zəngin ölkələrlə müqayisədə ərzağa daha çox pul xərcləməyə meylli olduqları üçün müharibəyə cəlb olunma riskləri yüksəkdir ki, bu da siyasi sabitliyə təsir edə bilər. Rusiya və Ukraynanın dünya ticarətində və istehsalındakı ümumi payı çox böyük olmasa da, onlar əsas məhsulların, xüsusilə də ərzaq və enerjinin mühüm təchizatçılarıdır. 2021-ci ildə bu iki ölkə dünya bazarına ümumilikdə günəbaxan yağının 55,4, buğdanın 21,6, arpanın 20,6, qarğıdalının isə 12,8 faizini veriblər.

Bəzi bölgələr Rusiya-Ukrayna müharibəsindən digərlərinə nisbətən daha çox təsirlənəcəklər. Afrika və Yaxın Şərq ən həssas regionlardır, çünki onlar taxıl ehtiyaclarının 50%-dən çoxunu Ukrayna və ya Rusiyadan idxal edirlər. Afrikanın 35 ölkəsi Ukraynadan, Rusiyadan və ya hər ikisindən ərzaq, 22 ölkə isə gübrə idxal edir. Afrikanın cənub-şərqində yerləşən bəzi ölkələr müharibənin bu region ölkələrinin taxıl təchizatına təsiri nəticəsində buğdanın qiymətinin 50-85% artması ehtimalı ilə üzləşiblər.


- BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib ki, Rusiya və Ukraynanın kənd təsərrüfatı məhsulları dünya bazarlarına qaytarılmasa, qlobal ərzaq böhranı həll olunmayacaq. Bu məsələnin effektiv həlli varmı?
- Qlobal ərzaq və gübrə bazarında Ukrayna və Rusiyanın rolunu nəzərə alsaq, bu ölkələr olmadan həmin məhsulların bazarlarında vəziyyətin normallaşması xeyli problemli görünür. Bu, bir çox cəhətdən Rusiyanın “buğda diplomatiyası” adlandırılan siyasətinin tərkib hissəsidir, məqsədi bir çox ölkələri onun verdiyi buğdadan (və digər ərzaq məhsullarından) asılı vəziyyətə salmaqdır. Belə bir asılılığın olması Rusiyanı dünya nizamını pozduğuna görə onun ixracatını məhdudlaşdırmağa yönəlik potensial sanksiyalardan qorudu.

Buna görə də, Ukraynaya qarşı hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, eyni zamanda, Ukraynadan ərzaq tədarükü imkanlarının, demək olar ki, sıfra enməsi dünya bazarlarında ərzaq qıtlığına səbəb olub. Bu vəziyyət Ukraynanın ərazi güzəştlərinə getməsi də daxil olmaqla, Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda dayandırılmasının zəruriliyindən danışmağa gətirib çıxardı.

Dünyanı gözləyən aclıq təhlükəsi: Azərbaycan nə etməlidir? | TƏHLIL
Üstəlik, dünyanın ərzaq təhlükəsizliyinə təhdidlərin olması Rusiyanın Ukraynadan oğurladığı ərzaq məhsullarını xarici bazarlarda satmasına haqq qazandıran arqument kimi istifadə olunur. Axı dünya seçim qarşısındadır: oğurluğa göz yummaq və ya aclıq təhlükəsi ilə üzləşmək. Aidiyyətlı ölkələrə təzyiqi artırmaq üçün Rusiya Ukraynanın digər ölkələrə ərzaq ixrac edilən limanlarını bağlayıb.

Oğurluğu leqallaşdırmamaq və ölkələrin ərazi güzəştlərinin, eyni zamanda qlobal ərzaq bazarında böhranın qarşısını almaq üçün qısa və uzunmüddətli perspektivdə yaxşı həll yolu var.
Qısamüddətli perspektivdə Ukraynadan ərzaq məhsulları, əsasən də taxıl almaqda maraqlı olan ölkələr öz ticarət gəmilərini göndərəcəklər. Bu gəmilər NATO ölkələrinin (əsasən Türkiyə və Böyük Britaniya) hərbi gəmiləri ilə birlikdə Odessa vilayətindəki Ukrayna limanlarına yaxınlaşacaq, taxılın və digər ərzaq məhsullarının daşınmasını təmin edəcəklər. Eyni zamanda həmin limanların minalardan təmizlənməsi də həyata keçiriləcək.
Uzunmüddətli perspektivdə Rusiyaya dünya ictimaiyyətinin təzyiqi zəruridir, bunun nəticəsində o həm qonşu ölkələrə qarşı aqressiv siyasətindən (o cümlədən başqalarının işlərinə qarışmaqdan) əl çəkməli, həm də Ukraynaya təzminat ödəməlidir. Bu addımlardan sonra Rusiya dünya bazarlarına, o cümlədən ərzaq bazarlarına tam şəkildə qayıda biləcək.


- Dünya Ərzaq Proqramının rəhbəri Devid Bisli ərzaq qiymətlərini "bir nömrəli problem" adlandırıb, eyni zamanda bunun bir il ərzində fundamental ərzaq probleminə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. Bunu necə şərh edərdiniz?
- Təbii ki, mövcud vəziyyət bir çox ərzaq məhsullarının qiymətində kəskin sıçrayışa səbəb olub. Belə ki, Dünya Bankının hesabladığı ərzaq qiymətləri indeksi bu ilin dörd ayı ərzində 18,7% artıb. Eyni zamanda, taxılın qiymətləri rekord həddə (23,5%) bahalaşıb. Yanvar ayında yumşaq buğdanın metrik tonu 332 ABŞ dollarına başa gəlirdisə, apreldə 672 dollara çatmışdı (iki dəfədən çox). Bu dövrdə digər ərzaq növlərinin qiymətləri də artıb. Günəbaxan yağı 61,2 faiz, bərk buğda 32,3 faiz, qarğıdalı 25,9 faiz.

Bu cür qiymət artımı dinamikası planetin bir çox insanı üçün ərzaq istehlakını çətinləşdirir və onları gəlirlərini qidaya daha çox xərcləmək üçün yenidən bölüşdürməyə məcbur edir. Qiymət artımının bu dinamikası davam edərsə, bir çox ölkələrdə ərzaq iğtişaşları reallığa çevriləcək.
Ona görə də, BMT və digər beynəlxalq təşkilatlar ərzaq məhsullarının bahalaşması probleminin həllində fəal iştirak etməlidir. O cümlədən yuxarıda qeyd olunan qısa və uzunmüddətli perspektivdə məqsədlərə nail olmaq üçün maksimum səy göstərməlidir.

Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az



Teqlər: Ərzaq-böhranı  





Xəbər lenti