Kahramanmaraşda olan hərbi tibb personalımız təltif olundu

Kahramanmaraşda olan hərbi tibb personalımız təltif olundu
  29 Mart 2023    Oxunub:652
Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Martın 29-da nazirliyin Baş Klinik Hospitalında təltif olunan hərbi qulluqçuların təqdimat mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun tibb personalımızın təltif olunması ilə bağlı müvafiq əmri oxunub.

Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib.

Qeyd olunub ki, hərbi tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə, ümumilikdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib.

Tədbirdə hərbi həkimlərimizin Vətən müharibəsində də peşəkarlıq nümayiş etdirdiyi və Azərbaycanın Prezidenti, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Tədbirin sonunda ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalına növbəti hərbi rütbə, medal və fəxri fərmanlar təqdim olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti