Sürüşdü birdən-lirə...

// Türkiyə valyutasını zəiflətmək üçün hansı hiyləgər metoda əl atılıb

      Sürüşdü birdən-lirə...
  20 May 2023    Oxunub:3376
Çingiz Rüstəmov
“Real TV”nin iqtisadi şərhçisi
AzVision.az üçün

Türkiyədə lirənin kursundakı dalğalanmalar Azərbaycanda da maraq və narahatçılıqla izlənilir. Bu da təbiidir. Çünki əvvəla, qardaş dövlətin istənilən problemi bizi də düşündürür. İkincisi, Türkiyə Azərbaycanın ixracında ikinci, qeyri-neft ixracında isə birinci yerdədir. Bu ilin ilk dörd ayı ərzində Azərbaycandan Türkiyəyə 405 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Bu, ölkənin ümumi qeyri-neft ixracının üçdə birindən, daha dəqiqi, 34 faizindən çoxdur.
Qeyri-neft ixracı Azərbaycanda məşğulluğun təmin edilməsi baxımından xüsusi önəm daşıyır. Əhalinin, xüsusilə regionlarda yaşayanların dolanışığına ciddi təsir göstərir. Demək, lirə kəskin ucuzlaşarsa, sadə Azərbaycan vətəndaşlarının gəlirləri də azalacaq.

Bu mövzu ətrafındakı informasiya hay-küyünü qırğa qoysaq, statistika narahatçılığa heç bir əsas verimir. Son 1 ildə, daha dəqiqi, 2022-ci ilin iyun ayından bu yana Türkiyə lirəsi yalnız 10 faiz dəyər itirib. Bir il əvvəl dolların qiyməti 18 lirənin ətrafında dəyişirdi, indi isə 20 lirənin. İqtisadçılar bunu ixracata dəstək verən “yumşaq devalvasiya” kimi dəyərləndirirlər. Halbuki, ondan əvvəlki bir ildə - yəni 2021-ci ilin sentyabrından 2022-ci ilin iyununa kimi vəziyyət fərqli idi. Türkiyə lirəsi dollar qarşısında iki dəfə dəyər itirmiş, “baks” 9 lirədən 18 lirəyə qalxmışdı.

Bunun səbəblərindən biri Qərbin kripto-valyutalardan istifadə etməklə Türkiyəyə qarşı maliyyə hücumuna keçməsi idi. Türkiyə mediasında kriptovalytaların geniş reklamı aparılır, əhali onları almağa təşviq edilirdi. Kriptovalyutalar isə lirəylə yox, dollarla satılırdı axı! Nəticədə əhali kütləvi şəkildə əlindəki lirəni dollara çevirirək, kriptovalyuta almağa başlamışdı. Bu isə ölkədə dollara tələbatı artırmaqla, lirəni güclü təzyiq altında saxlayırdı.

1993-cü ildə Rusiya sovet rublunu dövriyyədən çıxaranda Azərbaycanda oxşar vəziyyət yaşanmışdı. İşbazlar kisələrlə sovet rublunu Bakıya gətirərək, dollara dəyişirdilər. Nəticədə manat 1993-cü ildə 10 dəfə dəyər itirmişdi. Heydər Əliyev dövlət başçısı seçiləndən sonra sovet rublunu qadağan etdi və vəziyyət normallaşdı.
Nə qədər qeyri-adi və ultramüasir üsulla gerçəkləşsə də, Türkiyə hökuməti lirəyə qarşı təşkil edilmiş gizli kripto-hücumun qarşısını ala bildi.

Türkiyənin problemin öhdəsindən uğurla gəldiyini indi Qərbin aparcı maliyyə qurumları da etiraf edirlər. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankının təmsilçiləri son çıxışlarında Türkiyənin bank sisteminin vəziyyətini qənaətbəxş olduğunu vurğulayaraq, lirənin böhran ehtimalını istisna ediblər.



Teqlər:





Xəbər lenti