"Kölgə"dən zərbə: Müharibədə yeni mərhələ başlayır – Ukraynalı ekspert

// "Storm Shadow" raketləri hansı daşıyıcıdan buraxılıb?

      "Kölgə"dən zərbə:    Müharibədə yeni mərhələ başlayır –    Ukraynalı ekspert
  26 May 2023    Oxunub:3980
"Ukraynanın uzaqmənzilli "Storm Shadow" raketlərini alması daha bir maneəni aşması oldu. Çünki indiyə qədər tərəfdaşları ona 120 km.-dən uzağı vurmaq qabiliyyəti olan silahlar vermirdilər. Bu limit Ukrayna Silahlı Qüvvələrinin malik olduğu köhnəlmiş “Toçka-U” taktiki raketlərinin həddi idi”.
Ukraynalı hərbi ekspert Mixail Jiroxov AzVision.az -a bildirib ki, bu qərar, çox güman, xeyli əvvəl verilibmiş, çünki Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin bu silahların Ukraynaya verilməsi ilə bağlı rəsmi bəyanatından dərhal sonra onların praktiki istifadəsinə başlanıldı.


“İşğal olunmuş Luqanska mayın 15-dən sonra vurulan bir sıra zərbələr “Storm Shadow” vasitəsilə gerçəkləşdirilib. Raket “Tornado GR.4” və ya “Mirage 2000” kimi Qərb istehsalı olan təyyarələrdən buraxılmaq üçün nəzərdə tutulduğundan, Ukrayna ordusunun hansı platformadan istifadə etdiyi hələ aydın deyil. Çox güman ki, bu raketlər “Su-24M” bombardmançısından buraxılıb. Çünki İngilis raketlərini uyğunlaşdırmaq üçün başqa hazır bir seçim yoxdur. Ən azından, indiyə qədər mövcud olmayıb. Güman ki, HARM anti-radar raketlərinin "MiG-29" üçün uyğunlaşdırılmış variantından istifadə edilib. Müəyyən bir hədəfin məlumatları və raketin uçuş proqramı ekipajın kabinəsindəki şərti "planşetə" yüklənib. Təyyarə qalxmazdan əvvəl raket ona montaj edilir və ekipajın yalnız müəyyən bir nöqtədə onu işə salması qalır”,- ekspert bildirib.


Jiroxovun sözlərinə görə, Ukraynanın "Storm Shadow" raketlərini (gələcəkdə onların fransız analoqları olan SCALP-ları) alması müharibənin yeni mərhələsi haqqında danışmağa əsas verir. Belə ki, müharibənin 15-ci ayında Ukrayna hərbçiləri təkcə cəbhə xəttinin infrastrukturuna deyil, həm də rus komandanlığının “arxa cəbhə” saydığı və hava hücumundan müdafiə sistemi ilə əhatə etmədiyi, kamuflyajına az diqqət yetirdiyi ərazilərdəki infrastruktura (ilk növbədə yanacaq və sursat təchizatına) zərbələr endirmək imkanı qazandı.

“Hələ ki, bu cür raketlərin tədarük həcmi bəlli deyil, daşıyıcıların sayı barədə də məlumat yoxdur. Çünki Ukrayna aviasiyası işğal zamanı xeyli itki verib. Bununla belə, görünən odur ki, bütün mövcud raketlərdən gələcək əks-hücumuna hazırlığın ilkin mərhələsində istifadə olunacaq”, - M.Jiroxov fikrini yekunlaşdırıb.

Samir Vəliyev
AzVision.az


Teqlər: Ukrayna   Müharibə   Silah  





Xəbər lenti