Zemfira Meftahətdinova təqaüdə göndərildi - FOTO

   Zemfira Meftahətdinova təqaüdə göndərildi -    FOTO
  30 May 2023    Oxunub:1322
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı DİN-in İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinovanı qəbul edib.
DİN-dən AzVision.az -a verilən məlumata görə, yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir Vilayət Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.

Bundan sonra Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib. Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti