"Dağınıq skleroz gənc yaşda ağır əlilliyə səbəb olan sinir xəstəliyidir" - Həkim

   "Dağınıq skleroz gənc yaşda ağır əlilliyə səbəb olan sinir xəstəliyidir" -    Həkim
  30 May 2023    Oxunub:1247
Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Dağınıq Skleroz Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
Konfransda TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya Kafedrasının müdiri, professor Rəna Şirəliyeva, Respublika Klinik Xəstəxanasının rəhbərliyi və işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Ümumdünya Dağınıq Skleroz Gününün beynəlxalq aləmdə qeyd olunmasını çox gözəl addım kimi vurğulayıb:

"30 May Ümumdünya Dağınıq Skleroz Günü həmin problemlə məşğul olan Dağınıq Skleroz Cəmiyyətinin Ümumdünya Federasiyası tərəfindən təsis edilib. Statistik məlumatlara əsasən dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2,8 milyon nəfərdir.

Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci il fevralın 28-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin həcminin, keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb”.

"Daha sonra konfransda TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxış edərək bildirib ki, dünyada dağınıq skleroz xəstəliyinin sübutlu profilaktika tədbirləri işlənib hazırlanmayıb. "Amma dağınıq skleroz xəstəliyində insanın immun sisteminin qeyri-normal fəaliyyətinin əsas rol oynadığını nəzərə alsaq, bu sistemi zədələyən aşağıdakı faktorları qeyd etmək vacibdir: siqaret və alkoqoldan uzaq olmaq, normal müddətli və keyfiyyətli yuxu, bizi daim sıxan psixi stress faktorlarına uyğunlaşmağa çalışmaq, doğulduğun və böyüdüyün ərazi və iqlimdə yaşamaq, mülayim dərəcəli fiziki aktivliyi təmin etmək. Belə həyat tərzi istər dağınıq skleroz, istərsə də digər sinir sistemi xəstəliklərinin profilaktikasında çox əhəmiyyətlidir”.

Çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya Kafedrasının müdiri, professor Rəna Şirəliyeva konfrans iştirakçılarına bildirib ki, dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beynini zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. "Dağınıq skleroz, əsasən, gənc yaşlarda başlayan, proqressivləşən və nəhayət, müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Bu xəstəliyin ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyinə səbəb olmasıdır”.

Konfrans daha sonra Respublika Klinik Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynovanın, şöbənin həkim-nevroloqları Nuray Həmidova, Nərmin Abdullayeva, Günel Əsədova və Nərgiz Məcidzadənin məruzələri ilə davam edib.

Sonda isə dinlənilən məruzələrin müzakirəsi ilə tədbir yekunlaşıb.

AzVision.az

Qalereya




Teqlər: Konfrans  





Xəbər lenti