Bakıda Azərbaycan və Pakistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

   Bakıda Azərbaycan və Pakistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
  31 May 2023    Oxunub:849
Mayın 31-də Bakı şəhərində Azərbaycan və Pakistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə AzVision.az -a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xan başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin, xüsusilə parlament diplomatiyasının əhəmiyyəti önə çəkilərək, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsir göstərdiyi bildirilib.

Müzakirələr çərçivəsində 2022-ci ilin ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik yubileyi kimi əlamətdar tarixlə yadda qaldığı bildirilib, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Həmçinin 44 günlük Vətən Müharibəsi zamanı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqeyi, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəyliyi xüsusilə vurğulanıb.

E.Məmmədov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib.

Görüşdə tərəflər arasında həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti