Əsir əsgərimizin "məhkəmə"si keçiriləcək

   Əsir əsgərimizin "məhkəmə"si keçiriləcək
  05 İyun 2023    Oxunub:1049
Aprelin 10-da yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun "məhkəmə"si keçiriləcək.
"İş" Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Napoleon Ohanyana verilib. Qapalı keçirilən dinləmə ilə bağlı hələlik qərar verilməyib. "Məhkəmə"nin hazırlıq iclası iyunun 9-u saat 16:00-a təyin edilib.

Qeyd edək ki, əsgərimiz yalançı iddialarla günahlandırılır. O, Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini "qətlə yetirməkdə" təqsirləndirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər: Əsir   Əsgər  





Xəbər lenti