Türkiyə "U" dönüşünə hazırlaşır: Lirə niyə stabil deyil? - EKSPERTLƏRİN ŞƏRHİ

     Türkiyə "U" dönüşünə hazırlaşır: Lirə niyə stabil deyil?    - EKSPERTLƏRİN ŞƏRHİ
  06 İyun 2023    Oxunub:2041
Türkiyə lirəsi dollara nisbətən yenidən dəyər itirib. Yeni həftənin ilk günü sərbəst bazarda dollar 21,15 Türk lirəsinə bərabər oldu. Son 1 ayda 8 faiz ucuzlaşan Türkiyə valyutasının çarpaz olaraq digər əksər valyutalara nisbətən dəyərinin azalması həyəcan təbili çalır.
Maraqlıdır, Türkiyə valyuta stabilliyinə niyə nail ola bilmir? Son zamanlar lirənin çökməsi ölkəmizə, türk məhsullarının alışına necə təsir edəcək?

Məsələni AzVision.az –a şərh edən iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, əslində türk lirəsinin kəskin şəkildə ucuzlaşması prosesləri yeni hadisə deyil və bunun dərin kökləri var.

- Lirə ilə bağlı müşahidə etdiyimiz hadisələr bu günün problemi sayılmır. Uzun müddətdir ki, valyutalar arzuolunmaz şəkildə dəyişirlər. Ümumiyyətlə, ortada pandemiya amili var ki, o da son illər istənilən valyutaya ciddi təzyiqlər etdi. Virusun yayılması dünya iqtisadiyyatını tamamilə iflic vəziyyətinə salmışdı. Pandemiya ilə mübarizə yollarında əsas rıçaqlardan biri ölkərlərin əksəriyyətinin, o cümlədən Azərbaycanın fiskal və monitar siyasətə getməsi oldu. Monitar siyasət deyəndə yəni maliyyə yardımları, fiskal isə vergi güzəştləri kimi amillər nəzərdə tutulur. Beləliklə də, inflyasiyanı yarada biləcək bir mühit formalaşdı. Bütün iqtisadçılar da anlayırdılar ki, ölkələrdə sunami dalğasına oxşar bir hadisə baş verəcəkdi. Belə də oldu! 2021 dünya iqtisadiyyatında inflyasiya ili kimi tarixə düşdü. Amma bununla mübarizə yolları da araşdırıldı. Dünya iqtisadiyyatının institusional flaqmanı sayılan ABŞ kimi ölkə belə bu günə kimi hələ də inflyasiya ilə mübarizədə ciddi addımlar atır. Uçot dərəcələrinin artırılmasına gedir, müxtəlif iqtisadi alətlərdən istifadə edirlər ki, problemi yumşaltsınlar. Əslində nəticə də əldə edirlər. Bütün bunları ona görə sadaladım ki, qardaş Türkiyə məlum proseslərin əksinə getdi. Uçot dərəcəsi azaldı ki, bu da inflyasiyanın surətlə inkişaf etdiyi bir dövrdə ancaq təzyiqi artıra bilərdi. Nəticə etibarı ilə bu ölkədə il ərzində 4 nəfər mərkəzi bankın sədri vəzifəsindən getdi, - Fuad İbrahimov qeyd edib.

Türkiyədə idxal-ixrac əməliyyatları arasında olan balansın da pozulmasını xatırladan iqtisadçı inflyasiyanın surətlənərək valyutaya ciddi təsir etdiyini vurğulayıb. Bundan başqa, qardaş ölkədə şəffaf üzən məzənnə siyasəti də yürüdülürdü. Beləliklə lirə təzyiqlərə dözmədən bugünkü duruma, stabilliyi qoruya bilməmək səviyyəsinə gəlib çıxdı.

Ekspert 1 dolların 21 lirəyə qədər qalxmasının təhlükəli hədd olub olmamasına da aydınlıq gətirdi.

- Ümumiyyətlə lirənin məlum rəqəmdə dəyərdən düşməsi ilk növbədə Türkiyənin özü üçün təhlükəli hədd sayılır. Əgər yerli istehsal məhsullarının qiyməti dövlət nəzarəti altına alınsa, əlbəttə proseslər nəzarətdən çıxmayacaq. Lirənin mövqeyinin dəyişməsində əsas təhlükə nədir? Qiymət artımı. Yerli istehlakçılar, vətəndaşlar bahalığı hiss etməməlidirlər. Vətəndaşlar bahalıqdan əziyyət çəkir, yerli məhsulların qiymətinin qalxması onlara təsir edir. Çünki nəzərə almaq lazımdır ki, yerli məhsulların istehsalında idxal amilləri var. Türklərin istehsal etdikləri məhsullarda mütləq idxaldan asılı olan hansısa detallar olur və s. Bu xırda detallar da məhsulu bahalaşdırır. Belə olan halda istehlak olunan məhsulların qiyməti dəyişir və insanlar sosial narazılıqlarını büruzə edirlər, - iqtisadçı vurğulayıb.

Sürüşdü birdən-lirə...
Onun sözlərinə görə, hələlik əksər məhsulların qiyməti qalxmayıb. Baxmayaraq ki, lirə ucuzlaşır, qiymət fərqi çox cüzi şəkildə özünü göstərir. Bu isə bizim, Türkiyədən ticarət edənlər üçün əlverişli sayılır. Çünki azərbaycanlılar lirə ilə deyil, dollarla məhsul alırlar. Manat dollara nisbətdə öz mövqeyini qoruyub saxlayır. Türk valyutası isə əksinə, dollar qarşısında ucuzlaşır.

Beləliklə də Türkiyədən gətirilən əksər məhsullar daha ucuz başa gələcək.

- Lirənin ucuzlaşması əksər hallarda Türkiyədən edilən ticarətin xeyrinə işləyir. Amma istəməzdik ki, qardaş ölkənin pulu bu formada dəyərdən düşsün. Qısası, hər hansı bir valyutanın ucuzlaşması fəlakət sayılmamalıdır. Əgər o valyuta idxal-ixrac əməliyyatlarına uyğunlaşarsa, yəni istiqsadi dillə desək optimal səviyyəyə çatarsa, bu ciddi problemlər yaşatmaz. Məsələn, bu gün Azərbaycan pulu 1 dolların qarşısında 1 manat 70 qəpiyə uyğunlaşdığı üçün iqtisadi inkişaf dinamikasını saxlaya bilirik. Yəni ölkələr iqtisadi optimallığı təmin etməlidirlər. Qardaş Türkiyədə isə hələlik belə bir vəziyyət müşahidə olunmur. Hesab edirəm ki, Türkiyənin həm iqtisadi göstəricilərinə, həm dünyada gedən proseslərə, həm də geostrateji mövqeyi, mühüm layihələrdə iştirakına görə türklər lirəni tənzimləyə biləcəklər. Ankara qısa zaman kəsiyində indiki arzuolunmaz durumdan çıxa biləcək, - Fuad İbrahimob gələcək proseslərə pozitiv proqnoz verib.

İqtisadçı ekspert Eldəniz Əmirov da bir sıra maraqlı detallara aydınlıq gətirdi. O xatırladıb ki, xeyli vaxtdır Türkiyə hökuməti tərəfindən qeyri-ortodoks siyasət aparılır. Hansı ki, buna heterodoks siyasət də deyilir. Bu siyasətin uzun müddət davam etməsi isə Türkiyədə lirəyə təzyiqi ciddi şəkildə artırmışdı.

- Nə qədər ki, qardaş ölkənin iqtisadi siyasətində bu heterodoks yanaşma davam edəcək, o qədər də iqtisadiyyat üçün təlatümlər qalacaq. Heterodoks siyasət nədir? Yəni qeyri-ənənəvi, dünya ölkələrinin daha çox tətbiq etdiyi yanaşmanın əksinə aparılan bir siyasi xətt. Bu isə bəzi hallarda hiperinflyasiya şəraitində effektli ola bilir. Amma uzunmüddətli dövr üçün effekt vermir. Ona görə də, şəxsən mən belə düşünürəm ki, seçkidən sonra formalaşan Türkiyə hökuməti “U” dönüşü edəcək. Hətta yeni nazir tərəfindən bunun anonsu da verildi. Təbii ki, bu cür anonslar lirəyə olan təzyiqi azalda bilməz. Beynəlxalq, xarici investorların davranışları Türkiyə lirəsinə qarşı ciddi təzyiq faktoru yaradan əsas amillərdən biridir. Əgər Türkiyə “U” dönüşü etsə, yəni sərt monitar siyasət davranışları sərgiləsə, biz bir qədər stabilləşmə görə bilərik. Bunun üçün isə çox iş görülməlidir. Məlum proseslərə ən azından aylar lazım olacaq. Əgər iqtisadi siyasət düzgün qurularsa, ilin sonuna doğru lirə ilə bağlı müsbət nəticələri müşahidə edə bilərik. Ən azından üçüncü rübün sonuna doğru və dördüncü rübdə nisbi stabilləşmə yarana bilər, - Eldəniz Əmirov deyib.

O ki qaldı qaldı lirənin son anti-rekordlarının azərbaycanlıların ticarətinə təsirinə, ekspert vurğulayıb ki, indiki proseslərin türk mallarına ciddi problem yaşadacağına inanmır. Çünki lirənin ucuzlaşması əslində ixracatçılar üçün müəyyən imkanlar da açır, beynəlxalq bazarda rəqabət qabiliyyətini də artırır. Bu həm də məhsulun maya dəyərini aşağı salır.

- Amma bu o hallar üçün xarakterikdir ki, o prosesdə - yerli məhsulların ərsəyə gəlməsində daxili xammaldan istifadə edilir. O ixrac ki, xammalın xaricdən gətirilməsi ilə əldə olunan məhsul üzərindən qurulur, bu zaman Türkiyə təbii olaraq ziyanla üzləşir. Çünki ucuz lirə nəticədə ölkədən daha çox valyutanın çıxmasına səbəb olur. Axı sən ölkənə xammal idxal etməklə mal, məhsul hazırlayırsan. Bir sözlə, elə məhsullar var ki, situasiya onlara təsirsiz ötüşməyəcək. Məsələn, trikotajla bağlı problem olmayacaq. Hərb sənayesində isə kifayət qədər idxal məhsulları var. Yəni hərbi sənayenin təchizatı baxımdan müəyyən məhsulları sadalamaq olar ki, onların xammalı digər ölkələrdən gəlir.
Düşünürəm ki, lirənin hələ 25-ə qədər və daha yüksək həddə, hətta 28 səviyyəsində bahalaşma ehtimalı bu gün də qalmaqdadır, - iqtisadçı vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lirə   Türkiyə   İqtisadiyyat   Xammal  





Xəbər lenti