Şahzadə Rza Pəhləvi Benni Qantzla görüşüb

   Şahzadə Rza Pəhləvi Benni Qantzla görüşüb
  06 İyun 2023    Oxunub:956
İranda yaşanan etiraz aksiyaları fonunda Şahzadə Rza Pəhləvnin son zamanlar siyasi arenada fəallaşması və Təl-Əvivdə bununla bağlı bəzi dairələrin verdikləri bəyanatlar böyük marağa səbəb olur. Şahzadə vaxtaşırı tanınmış yəhudi siyasətçilərlə görüşü bu intriqanı daha da gücləndirir.
AzVision.az Rza Pəhləvinin Twitter hesabında yazdığı məlumata istinadən xəbər verir ki, şahzadə Nyu-Yorkda müxalifət liderlərindən biri və İsrailin keçmiş müdafiə naziri Benni Qantz ilə görüşərək gələcək “əməkdaşlıq imkanları”nı müzakirə edib.

Pəhləvi və general Qantz İsrailin “Jerusalem Post” qəzetinin Nyu-Yorkda “Yaxın Şərqin Yeni Perspektivi” adı altında keçirdiyi illik konfransının həm qonağı, həm də məruzəçiləri olublar.

“Cənab Qantz ilə İran və İsrail xalqlarının zəngin tarixi, təkcə İsrail ilə dünyəvi və demokratik İran arasında deyil, bütün Yaxın Şərqdə gələcək əməkdaşlıq imkanları haqqında söhbət etdik. İranı idarə edən şər rejim məğlub olanda bütün region üçün yeni gələcək yaranacaq. Mən daha firavan, daha təhlükəsiz və daha sabit olan, İbrahim və Kirin övladlarının bir araya gələrək öz bölgələrini atalarının böyük və qədim sivilizasiyalarına layiq bir yerə çevirdikləri Yaxın Şərqin yeni mənzərəsini təsəvvür edirəm” - Pəhləvi deyib.

Rəsmi Tehranın onilliklərdir ki, Yaxın Şərqdə apardığı siyasət yalnız İsraildə yox, əksər region ölkələrində ciddi narazılıq və narahatlıq doğurur. Bir sıra dövlətlər isə vəziyyətdən çıxış yolunu İrandakı teokrtaik hakimiyyət rejiminin dünyəvi hakimiyyətlə əvəzlənməsində görürlər. Bu baxımdan, şahzadə Rza Pəhləvinin siyasi arenada fəallaşması, xüsusilə də israilli siyasətçilərlə “əməkdaşlıq” barədə müzakirələr aparması, öz növbəsində, İran hakimyyətində böyük narahatlıq doğurur.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az



Teqlər: İran   İsrail  





Xəbər lenti