Aciz cütqanadlılar | Ədalət Verdiyevin yazısı

// Ermənistan istifadə etdiyi PUA-lar əslində nə ücündür

      Aciz cütqanadlılar    | Ədalət Verdiyevin yazısı
  04 Sentyabr 2023    Oxunub:2992
Sentyabrın 2-si günorta saatlarında Ermənistana məxsus "Believer 1960mm Aerial Survey Aircraft-Kit" zərbə PUA-sı hədəfə çatmadan zərərsizləşdirilərək, ələ keçirildi. Ermənistanın bu PUA-nı 44 günlük müharibəsindən sonra əldə etdiyi ehtimal olunur.
"Believer 1960mm Aerial Survey Aircraft-Kit" PUA-sı internet-mağazalarda 399 dollara açıq satışda mövcuddur və istənilən şəxs yerli qanunvericiliyin tələblərinə zidd olmayan fəaliyyətlər üçün onu əldə edə bilər. Aparat ABŞ-ın "Micro Aerial Projects" şirkəti tərəfindən hazırlanıb. Onu ermənilərə verən Bolqarıstanın "ArxAngelRC" şirkəti də özünü istehsalçı kimi təqdim edir. Mülki məqsədlər üçün nəzərdə tutulan PUA böyük ehtimalla, sonradan Ermənistan ərazisində hərbi məqsədlərə uyğunlaşdırılıb. İstehsalçı və ixracatçı şirkətlərin PUA-nın təyinatının dəyişdirilməsindən xəbərlərinin olub-olmadığını aydınlaşdırmaq da pis olmazdı. Ümumiyyətlə PUA-nın "end user" (sonuncu istifadəçi) sertifakatında yazılanlar maraq doğurur.

Təyinatı

"Believer" PUA-sı əsasən ərazinin xəritələşdirilməsi, kənd təsərrüfatı, meşə təsərrüfatı, heyvandarlığın mühafizəsi, elektrik xətlərinin monitorinqi, ətraf mühitin mühafizəsi və s. məqsədlər üçün nəzərdə tutulur. Daha əvvəl hərbi məqsədlərlə istifadəsinə rast gəlinməyib.


İmkanları

"Believer" sənaye sinifli hava tədqiqatı imkanlarına malik uçuş platformasıdır. Portativdir, yüngüldür, rahat daşına bilir, istifadəsi asan, küləksiz havalarda sabit və qismən davamlıdır. PUA əsasən modulyar dizayna malik olmaqla, peşəkar topoqrafiq fotoçəkilişlər üçün nəzərdə tutulub.

Konstruksiyası

Qanadların qısa müddətdə sökülməsi yığcam ölçüləri təmin edir, bu isə aparatın bir nəfər tərəfindən daşınmasına imkan verir. Uçuşu idarəetmə bölməsinin xüsusi dizaynı və korpusunun altında yerləşən kameraları sayəsində "Believer" 1:1000 və 1:1200 miqyasda yüksək keyfiyyətli çəkiliş imkanına malikdir.
PUA-nın tərkibində uçuşu idarəetmə, telemetriya sistemləri və enerji bloku mövcuddur. Enerji mənbəyi 6 ədəd 22000 mah-lik “Lipo” batareyasıdır.
Bolqarıstanın "ArxAngelRC" şirkəti tərəfindən hazırlanan bu PUA-ların çox sayda çeşidləri mövcuddur. Müştərinin sifarişinə görə PUA-lara müxtəlif faydalı yüklər inteqrasiya edilə bilər.

Aparat mancanaqdan (katapultdan) buraxılır, paraşütlə enir. Lyuk qapağı və eleronları çıxarıla bilir. Korpusu EPO, EVA, karbon lifi, mühəndis plastiki materiallarından düzəldilib. Qanadlarının genişliyi 1960 mm, gövdəsinin uzunluğu 1070 mm, gövdəsinin hündürlüyü 180 mm-dir. Tövsiyə olunan uçuş kütləsi 4,2, maksimum uçuş kütləsi 5,5 kq, uçuş sürəti: 20m/s-dir.

Nəticə

Göründüyü kimi, bu PUA-ların optimal kütləsi ilə maksimum qalxma kütləsi arasında fərq cəmi 1.3 kq-dır. Böyük ehtimalla, düşmən bu PUA-lardan penoplast korpusuna trotil yerləşdirməklə istifadə edir. Müşahidələr PUA-nın partlayış gücünün zəif olmasını aşağı yükdaşıma qabiliyyəti ilə əlaqələndirirlər.


PUA GPS siqnallar ilə idarə olunur, onun radioelektron mübarizə sisteminə qarşı funksiyası mövcud deyil. Buna görə də Ordumuzun REM vasitələri ilə PUA-nın endirilməsi mümkün olub. Xatırladıram ki, hazırda Azərbaycan Silahlı Qüvvələrində Türkiyə, İsrail və Belarus istehsalı olan REM vasitələri mövcuddur.

Təcrübəli manqa kifayət qədər aşağıdan uçan PUA-nın həm özünü, həm də daşıdığı idarəolunmayan partlayıcını atıcı silahla rahatlıqla havada məhv edə bilər. Sadə konstruksiyaya malik PUA-ya sursatın kustar üsulla yerləşdirilməsi və hədəfə buraxılandan sonra idarə olunmaması aparatın dəqiqliyini və effektivliyini minimallaşdırır. PUA hədəflərə kilidlənə bilmir, avtopilot rejiminə malik deyil və buraxılışdan sonra hədəfi dəyişməyi bacarmır. Bu PUA-dan əsasən sabit və zirehsiz hədəflərə, qorunmayan ərazidə yerləşən canlı qüvvəyə qarşı istifadə etmək mümkündür.

Ermənistanın qanadları qırılacaq

Ermənistan tərəfinin həm şərti sərhəddə, həm də rus kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilərimizdə təxribatlara davam etməsi Azərbaycanın cavab reaksiyasını labüd edir. Basarkeçər rayon mərkəzində, Zod və digər kəndlərin ərazisində və ya yaxın ətrafında erməni mövqelərinin, hərbi hissə və silah-sursat anbarlarının yerləşdirilməsi bu ərazilərdəki əhalinin evlərində təhlükəsiz yaşamasını qeyri-mümkün edir.

Azərbaycana qarşı müqavimət potensialı olmayan Ermənistan təxribatçı fəaliyyətlərinin ağır nəticələrinin olacağını, Azərbaycanın əks-cavab reaksiyasında tərəddüd etməyəcəyini bilərək, qəsdən 2021-cü ilin sentyabrında baş verənlərin təkrarlanmasına çalışır. Bu təxribatlar düşmənin fərari ordusuna daha çox sayda şəxsi heyət, ərazi və texnika itkiləri vəd edir. Çünki düşmənin Əsgərimizin həyat və təhlükəsizliyinə qarşı təhdidlərinin erkən mərhələdə aradan qaldırılmaması gələcəkdə daha böyük problemlər yarada bilər.

Nəticə etibarilə Ermənistan silahlı qüvvələrinin zəif imkanlara malik pilotsuz vasitələrlə qalib Azərbaycan Ordusuna təzyiq göstərmək məqsədilə təxribatlar törətməsi tamamilə mənasız və perspektivsiz addımdır. Bu təxribatların təkrarlanması Azərbaycana erməni tərəfini daha sərt şəkildə cazalandırmaqdan, onu şəxsi heyət, texnika və ərazi itkilərinə məruz qoymaqdan başqa çıxış yolu saxlamır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər:





Xəbər lenti