Kurban: “Biz Qərbi Azərbayacana qayıdacağıq”

   Kurban:    “Biz Qərbi Azərbayacana qayıdacağıq”
  29 May 2024    Oxunub:758
"Öz dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacağıq. Babalarımızın mirasına sahib çıxacağıq".
Bu sözləri Azərbaycan diasporunun tanınmış simalarından olan Türkiyədə Qərbi Azərbaycan İcmasının səlahiyyətlisi dr. Asif Kurban Balıkəsirdə Vətən müharibəsi şəhidi Məmmədağa Səfərovun adını daşıyan Anadolu liseyinin açılış mərasimində çıxışı zamanı bildirib.

“Öncə qeyd edim ki, şəhidimiz Məmmədağa Səfərovun adını daşıyan liseyin məzunları sabah gələcəyin iş adamları, həkimləri və sair sahələri əhata edəcək insanlar olacaqlar. Bunu unutmasınlar. Mən tarixə nəzər salmaq istərdim. XX əsrin əvvəllərində biz İzmirdən Bakıya rahat yolla gedə bilirdik. Sonra sovetlər birliyi Ermənistan dövlətini yaratmaqla, bizim yolumuzu kəsdi. Bolşeviklər erməniləri Türk dünyasına qarşı yönəltdilər. Əvvəllər o torpaqların qədim sakinləri biz olmuşuq. 1915-20-ci illərdə, 1948-ci illərdə insanlarımızı didərgin saldılar. Mənim babalarım Qərbi Azərbaycanda anadan olublar. Atam 1988-ci ildə məcburi şəkildə köç edib. Onunla birgə 350 mindən çox insanımız öz dədə-baba torpaqlarından didərgin salınıb. Babalarımızın məzarı oradadır. Tariximiz, dəyərlərimiz orada qalıb”, natiq qeyd edib.

Kurban Prezident İlham Əliyevin dediyi kimi bu ərazilərə sülh yolu ilə qayıdacağımızı bildirib:

“Bizim hədəfimiz öz torpaqlarımıza sülh yolu ilə qayıtmaqdır. Biz evimizə dönmək və öz halal haqqımızı istəyirik. Ötən günlərdə Xankəndi şəhərində idim. Orada ermənilərlə də söhbət etdim. Onlar Azərbaycan dövlətinin onlara yaşamaq hüququnu verməyindən məmnunluqla danışırdılar. Bundan sonra Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşayacaqlar. Biz də Ermənistan vətəndaşı olaraq öz torpaqlarımızda yaşamaq istəyirik. Əsrin əvvəllərində Qərbi Azərbaycandan İğdıra, Qarsa köç edən insanlarımız oldu. Bu gün onların nəvə-nəticələri yaşayır. Onların dədələrinin miras haqqı var. Cənab Prezident İlham Əliyevin dediyi kimi biz ora top-tüfənflə, tankla yox, sülh ilə qayıdacağıq”.

Qeyd edək ki, açılış mərasimində şəhidin ailə üzvləri, Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil müşaviri dr. Nəcibə Nəsibova da iştirak edib.
AzVision.az

Qalereya




Teqlər: Şəhid   Qərbi-Azərbaycan   türkiyə  





Xəbər lenti