Heydər Əliyev Mərkəzində Uşaq festivalı keçiriləcək
Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq.
Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak edəcəklər.
Uşaqlar üçün xüsusi ayrılan zonada səhnə qurularaq gənc istedadların ifasında konsert proqramı təqdim ediləcək. Səhnədə “Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış edəcəklər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29” konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil olunacaq. “Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri, “Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların ətraf mühitin qorunmasındakı rolu nümayiş etdiriləcək.
Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və uşaqlar arasında yarışlar keçiriləcək, uşaqlara şahmat yarışlarında, futbol üzrə ustad dərslərində iştirak etmək, öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılacaq.
Hər bir uşaq öz sevimli personajını canlandırmağı arzulayır. Bu baxımdan balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini müxtəlif şəkil və cizgi filmlərinin qəhramanları ilə bəzədə biləcək.
Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə görüşünü, onlarla birlikdə əylənməsini təşkil edəcəklər.
“Street art” - küçə incəsənəti üçün ayrılacaq ərazidə uşaqlar asfalt üzərində rəsmlər də çəkəcəklər. Azərbaycan Avtomobil Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlimlər keçiriləcək, Heydər Əliyev Mərkəzinin parkında kiçik avtomobillərlə ralli təşkil olunacaq.
Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün oxu saatı keçirəcək.
Daha bir maraqlı anlar uşaqları arxeoloji meydançada gözləyəcək. Burada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketlərini aşkar edib, onları tədqiq edəcəklər.
Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla maariflənməsi isə “Safari tur” zonasında mümkün olacaq.
Festivalda gənclərin maraq göstərdiyi “Playstation zonası” da fəaliyyət göstərəcək.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı uşaqların pulsuz göz müayinəsini aparacaq.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılacaq.
AzVision.az
Teqlər: Heydər-Əliyev-Fondu Uşaq-festivalı