Azərbaycan və Türkiyənin ədliyyə nazirlikləri arasında bəyanat imzalanıb

Azərbaycan və Türkiyənin ədliyyə nazirlikləri arasında bəyanat imzalanıb
  31 May 2024    Oxunub:1273
Ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Yılmaz Tunçun dəvəti ilə Türkiyədə səfərdə olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, səfər zamanı Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir və Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirələri ehtiramla anılıb.

Səfər çərçivəsində hər iki ölkənin ədliyyə nazirləri arasında görüş keçirilib. Görüşdə Fərid Əhmədov iki ölkə arasındakı münasibətlərin qardaşlıq və “bir millət, iki dövlət” prinsipinə əsaslandığını, əməkdaşlığın bütün sahələrdə strateji müttəfiqlik səviyyəsində yüksələn xətlə və uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, iki ölkə prezidentləri səviyyəsində dostluq münasibətləri Türkiyə və Azərbaycan arasındakı tarixi əlaqələri daha da möhkəmləndirib. Yılmaz Tunç 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin və ikitərəfli əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib.

Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, iki qardaş ölkə arasında müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin keçirilməsi, cəzaların icrası, penitensiar və probasiya sistemləri üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, İKT-nin tətbiqi, eləcə də ədliyyə xidmətlərinin əlçatanlığının artırılması üzrə təcrübələrin paylaşılması, ekstradisiya, məhkumların verilməsi, qarşılıqlı hüquqi yardım sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin təşkil edilməsi üzrə konkret tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb.

Həmçinin Fərid Əhmədov səfər çərçivəsində Türkiyə Cəza və Həbs Evləri Baş İdarəsini ziyarət edib, qurumun fəaliyyəti ilə, eləcə də cəzaçəkmə müəssisələrində İKT-nın tətbiqi ilə yaradılan imkanlarla tanış olub.

Bundan əlavə Türkiyə Ədliyyə Akademiyasında və Türkiyə Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları Baş İdarəsində görüşlər keçirilib. Fərid Əhmədov Ədliyyə Akademiyasının fəaliyyəti, eləcə də tədris prosesi ilə yaxından tanış olub, orada təhsil alan gələcəkdə məhkəmə və prokurorluq orqanlarında çalışacaq namizədlərlə görüşüb. İnformasiya Texnologiyaları Baş İdarəsində Türkiyənin elektron ədliyyə xidmətləri ilə bağlı təcrübəsi və görülən işlər barədə təqdimat nümayiş etdirilib.

Səfər çərçivəsində açıqtipli cəzaçəkmə müəssisəsi də ziyarət edilib, oranın fəaliyyəti ilə yaxından tanış olunub.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   ədliyyə   bəyanat  





Xəbər lenti