Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

   Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
  03 Oktyabr 2024    Oxunub:924
Oktyabrın 3-də VII çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Arzu Nağıyev komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb.
AzVision.az xəbər verir ki, Komitə sədri bugünkü tarixin əhəmiyyətini xüsusi qeyd edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 31 il keçdiyini vurğulayıb, Ulu öndərin yaratdığı milli ideologiyanın bu gün də davam etdiyini bildirib.

Arzu Nağıyev komitənin bugünkü iclasının gündəliyinə 7 məsələnin daxil olduğunu söyləyib. Əvvəlcə, o, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi barədə danışıb. Bildirilib ki, sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, habelə “Hərbi qulluqçuların statusu haqqında”, “Minatəmizləmə fəaliyyəti haqqında” layihələrin müzakirəsi, komitəyə müvafiq orqanlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulub.

Sonra komitə sədri “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsinə əsasən, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun tətbiqi barədə Prezidentin Fərmanının 3.2-ci bəndinə əsasən bu Qanunun 9.6-cı maddəsinin mövcud redaksiyasında nəzərdə tutulan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, yeni redaksiyaya əsasən onlar üçün ümumi qayda müəyyən edələcək.

Növbəti məsələnin “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, layihədə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna təklif olunan dəyişiklikdə Komissiyanın fəaliyyətinin təşkilinin ətraflı tənzimlənməsi məqsədi ilə yeni müddəaların əlavə olunması təklif edilir. Yeni müddəalarda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın hüquqlarının, səlahiyyətlərinin genişləndirilməsini, üzvlərinin təyin edilməsini, onların dairəsinin və səlahiyyət müddətlərinin müəyyən edilməsini, işinin təşkili üçün işçi qruplarının yaradılmasını və Komissiya üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi hallarını tənzimləyən normaların əlavə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlarda da müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Sonra “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Sənəddə Əsasnaməyə təklif olunan dəyişiklikdə müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilər üçün hərbi təlim toplanışlarına çağırılması müddəti ayrıca müəyyən edilir. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti də müəyyən edilir. Bundan başqa, toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Bu müddəa “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsində nəzərdə tutulduğu üçün Əsasnaməyə də bu dəyişikliyin edilməsi təklif olunur. Layihədə habelə mövcud normaların təkmilləşdirməsi ilə bağlı və dəqiqləşdirmə xarakteri digər dəyişikliklər də yer alıb.

Sonra “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) təqdim edilib. Qeyd olunub ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Nəzərə çatdırılıb ki, layihənin müxtəlif maddələrində “orta ixtisas təhsili” sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir. Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.



İclasda habelə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) də təqdim edilib. Bildirilib ki, qanunun 7.2.5-ci və 18.4-cü maddələrinə təklif edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, Silahlı Qüvvələrin tərkib hissəsinə Azərbaycan Ordusu ilə yanaşı başqa silahlı birləşmələr də daxil olduğundan layihədə “başqa silahlı birləşmələr” ifadəsinin çıxarılması təklif edilir. Digər dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Sonra gündəliyin sonuncu məsələsi - “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” (birinci oxunuş) qanun layihəsi nəzərdən keçirilib. Qeyd olunub ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar “Hərbi qulluqçuların statusu haqqında”, “Müdafiə haqqında” qanunlarda, habelə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə uyğunlaşdırma xarakterli bir sıra dəyişikliklər edilib.



Müzakirələr zamanı komitə sədrinin müavini Qüdrət Həsənquliyev, üzvləri Hikmət Məmmədov, Ramid Namazov, Rizvan Nəbiyev, Aydın Mirzəzadə, Erkin Qədirli, Qaya Məmmədov, Elman Məmmədov, Səbinə Salmanova çıxış ediblər, təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar.
İclasda komitənin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Tədbirdə komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Mahir Süleymanlı, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

AzVision.az




Teqlər:





Xəbər lenti