Azərbaycan və Rusiya Xəzərlə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb

   Azərbaycan və Rusiya Xəzərlə əlaqədar ikitərəfli İşçi Qrup yaradıb
  04 Oktyabr 2024    Oxunub:1141
Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli İşçi Qrup yaradılıb.
Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycanın və Rusiyanın aidiyyəti nazirliklərinin və qurumlarının, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət İşçi Qrup Xəzər dənizinin dayazlaşması ilə əlaqədar tədqiqatlar aparacaq.

Qrupun yaradılması haqqında qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu il avqustun 19-da keçirilmiş görüşünün yekunlarına əsasən qəbul olunub. Görüş zamanı tərəflər arasında Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər müzakirə edilib.

Yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrası məqsədilə sentyabrın 17-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması problemini, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı gələcək ssenarilərin hazırlanması və müvafiq adaptasiya tədbirləri barədə variantları nəzərdən keçirib, həmçinin ikitərəfli İşçi Qrupun yaradılması barədə razılığa gəliblər.

Oktyabrın 2-də İşçi Qrupun tərkibi formalaşdırılıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya nazirinin müavini Sergey Anopriyenko Qrupun həmsədrləri təyin olunub.

İşçi Qrupa Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyinin, Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya, Geologiya və Geofizika İnstitutlarının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Rusiyanın Federal Su Ehtiyatları Agentliyinin, həmçinin iki ölkənin aidiyyəti qurumlarının və elmi-tədqiqat institutlarının nümayəndələri daxil edilib.

Birgə fəaliyyət formatı çərçivəsində mütəxəssislər tərəfindən Xəzər dənizinin səviyyə dəyişikliklərinin səbəblərinin araşdırılmasını, qısamüddətli və uzunmüddətli proqnozların hazırlanmasını, adaptasiya strategiyasını, su səviyyəsinin dəyişikliklərinin monitorinqini, birgə elmi-tədqiqatların aparılmasını, həmçinin sahilyanı zonalara mənfi təsirləri azaltmağa yönəlmiş digər tədbirləri özündə əks etdirən Fəaliyyət Planı hazırlanacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti