"İstehlak kreditlərinin verilmə şərtləri sərtləşdirilməlidir" - İqtisadçı

"İstehlak kreditlərinin verilmə şərtləri sərtləşdirilməlidir" -  İqtisadçı
  04 Oktyabr 2024    Oxunub:1614
Uşaqlarımızın gələcəyini düşünmək üçün bu gün biz bu sual ətrafında yaxşı-yaxşı düşünməliyik: Əzab-əziyyətlə qazanılan pul əslində hara xərclənəndə daha faydalı olur? Təəssüf ki, Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır.
İqtisadçı Eldəniz Əmirov AzVision.az -a bildirib ki, son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb.

"Bu, həm də Azərbaycandan böyük pulların çıxması deməkdir. Çünki, istehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit porfelinin təxminən 3-də 1 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir. Bu, hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “Kredit fəlsəfəsi”nin oylağı olan ABŞ-də verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.

ABŞ-də xərclənən isteklak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsullarını aldığımız ölkələrə axıb gedir".

Ekspertin sözlərinə görə, bu prosesdə malını bizə satan ölkələr də, istehlak krediti verən banklar da, bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər də udur. Bəs uduzan kimdir?

"Uduzan insanlar - istehlakçılardır. Onları kimsə buna məcbur etmir. Amma onlar bir-biri ilə bəhsə getməklə özlərini buna məcbur edirlər.

Babamız, atamız piyada gəzib, özümüz bahalı maşın istəyirik. Nənəmiz, anamız 10-15 nəfərin istifadə etdiyi qabları soyuq suda yuyub, amma özümüz 2 nəfərin boşqabını isti suda yumaq istəmirik ki, qabyuyan maşın olmalıdır. Atamız bir topla, maksimum bir velosiped almaqla bizi xoşbəxt etdiyi halda, biz uşaqlarımızı smartfonlarla və ya başqa nələrləsə xoşbəxt etməyə çalışırıq.

Nəticədə süfrəmiz üçün, uşaqlarımızın qidası və təhsili üçün xərclənməli olduğumuz pulları görüntü naminə mənasız əmtəələrə xərcləyirik. Xaricdə istehsalını qurmağı bacarmış ağıllı insanlar isə bu pulları bizdən alıb öz uşaqlarının təhsilinə xərcləyir. Sonra da onların uşaqları da, bizim uşaqlarımızın uşaqlarının pulunu öz uşaqlarına xərcləyəcəklər. Buna görə də bu gün ilk növbədə istehlak kreditlərinin verilmə şərtinə yenidən baxılmalı və sərtləşdirilməlidir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: istehlakkreditləri   pul  





Xəbər lenti