Özbək tələbələri üçün “Azərbaycanı tanıyaq” mövzusunda dərs keçirilib

Özbək tələbələri üçün “Azərbaycanı tanıyaq” mövzusunda dərs keçirilib
  07 Oktyabr 2024    Oxunub:802
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin (DDŞU) Azərbaycan dilini öyrənməyə başlayan bir qrup tələbələrinə “Azərbaycanı tanıyaq” mövzusunda açıq dərs keçirilib.
Mərkəz direktorunun müavini Nadir Əlimirzəyev tələbələri salamlayaraq onlara Azərbaycan – Özbəkistan əlaqələrinin tarixi və inkişafı barədə ətraflı məlumat verib. O, eyni kökə malik olan xalqlarımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri haqqında söhbət açıb, əlaqələrimizin qədim dövrlərə gedib çıxdığını və Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin xüsusilə son illərdə durmadan genişləndiyini xüsusi vurğulayıb.

N.Əlimirzəyev həmçinin Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə haqqında məlumat verib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (NDDPU) və DDŞU-nin arasında 2024-cü ilin mart ayında elan olunmuş “Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsi barədə də məlumat verilib. Görüşdə iştirak edən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva qiraət müsabiqəsinin keçirilməsində başlıca məqsədin Azərbaycan–Özbək xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi işinə töhfə verilməsi olduğunu qeyd edib.

Müsabiqədə ilk üç yerin qalibləri olmuş ‒ Lazizbek Nomozov, Rano Boriboyeva və Feruza Sultanova da tədbirin qonağı olub və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin dəstəyilə Bakıya səfərləri haqqında xoş təəssüratlarını bölüşüblər.

Tələbələr Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycan–Özbəkistan Dostluq Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Xalça Muzeyi və sərgi zalını gəzib, orada olan eksponatlarla, hər iki ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablarla, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar. Tələbələrə həmçinin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanı tanıyaq” adlı videoçarx da təqdim olunub.

Xatırladaq ki, 2023-cü ildən Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında DDŞU və NDDPU-də Azərbaycan dilinin tədrisinə başlanıb. Bu layihə çərçivəsində hər iki universitetin tələbələri mərkəz tərəfindən təşkil olunan tədbirlərdə yaxından iştirak edib, Azərbaycanın tarixi, mədəniyyəti ilə yaxından tanış olublar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti