Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir
  06 Noyabr 2024    Oxunub:802
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ölkənin turizm potensialını nümayiş etdirmək məqsədilə yerli turizm tərəfdaşları ilə birlikdə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı (WTM London 2024) beynəlxalq turizm sərgisində iştirak edir.
AzVision.az agentliyə istinadən xəbər verir ki, milli stenddə ölkəni “Azərbaycan Hava Yolları” və “Şahdağ Turizm Mərkəzi" QSC-lərlə ilə birlikdə ümumilikdə 10 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Sərgi zamanı ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və ekoturizm imkanları, eləcə də qış turizmi barədə geniş məlumat təqdim edilir.

Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq üçün interaktiv təcrübələr təqdim olunur. Stenddə qonaqlar Azərbaycan şərablarının və milli şirniyyatların dadına baxa, eləcə də VR (virtual reallıq) eynəkləri vasitəsilə ölkəmizin gözoxşayan mənzərələrinə virtual səyahət edə bilərlər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov milli stendə baş çəkərək sərginin gedişatı və nümayiş olunan turizm məhsulları ilə tanış olub.

WTM sərgisi 1980-ci ildən keçirilir, dünyanın hər yerindən turizm idarəetmə qurumlarını və turizm sənayesi nümayəndələrini bir araya gətirir. Noyabrın 7-nə qədər davam edəcək tədbirə 182 ölkədən 5 min sərgi iştirakçısının və turizm sənayesinin 51 mindən çox nümayəndəsinin qatılacağı planlaşdırılır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən Böyük Britaniya vətəndaşlarının sayı 20 973 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % artımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti