Separatçı Sarkisyan Moskvada məhv edildi - VİDEO

   Separatçı Sarkisyan Moskvada məhv edildi  - VİDEO
  03 Fevral 2025    Oxunub:527
Moskvanın şimal-qərbində “Al Yelkənlər” elit yaşayış kompleksində baş verən partlayışda bir nəfərin öldüyü, dörd adamın isə yaralandığı bildirilir.
AzVision.az “Baza” telegram-kanalının paylaşdığı məlumata istinadən xəbər verir ki, partlayışda məqsəd sui-qəsd olub.

Ölənin üzü ciddi zədələndiyinə görə, əvvəlcə onun şəxsiyyətini müəyyən etmək olmayıb. Lakin konsyerj dindirmə zamanı bildirib ki, "əvvəllər həmin şəxsi televizorda görüb və o, mühafizəçilərlə birlikdə zala daxil olan zaman partlayış baş verib".

Əvvəlcə bəzi mənbələr ölənin Ukraynanın Donetsk vilayətindəki separatçı “respublika”nın Boks Federasiyasının prezidenti və “ArBat” batalyonunun yaradıcısı Armen Sarkisyan olduğunu bildiriblər. Hüquq-mühafizə orqanları isə partlayışın sui-qəsd siafrişi əsasında törədildiyini söyləyiblər.

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, partlayış zamanı ağır yaralanan və bir ayağını itirən Armen Sarkisyan hospitala yerləşdirilib və hazırda koma vəziyyətindədir. Ölən isə onun cangüdənlərindən biridir.

Lakin Sarkisyanın ölüm xəbəri özünü çox gözlətməyib. Onun xəstəxanada öldüyü barədə rəsmi məlumat açıqlanıb.

Partlayışda yaralananlar arasında Ukraynanın milli təhlükəsizliyinə qarşı cinayətlər törədənlərin sırasında yer almış Krımın Daxili İşlər nazirliyinin 49 yaşlı polkovnik-leytenantı Oleq Kaspiroviç var. Boynundan və ayaqlarından yaralanan 44 yaşlı Darya Karseladze isə huşunu itirib və danışa bilmir.

Marqarita Simonyanın rəhbəri olduğu “Russia Today” təbliğat korporasiyası bildirir ki, “ArBat” 2022-ci ilin sentyabrında yaradılmış xüsusi təyinatlılar dəstəsi və hücum təyyarələrinin mobil qrupudur. Ona “Abrek” ləqəbli keçmiş vaqnerçi Hayk Qasparyan komandirlik edir. 2023-cü ilin iyulunda batalyon rəsmi olaraq Rusiya Müdafiə nazirliyinin tərkibinə daxil olub və hazırda onun üzvləri Kursk vilayətində döyüşürlər.

Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, Ukraynanın milli təhlükəsizliyinə qarşı cinayətlər törətmiş və "ArBat" bölməsini yaratmış Armen Sarkisyan Donetsk vilayətindən olan “Qorlovski” ləqəbli kriminal avtoritetdir. Keçmiş prezident Viktor Yanukoviçin ailəsi ilə əlaqələri olan Sarkisyan “Maydan” hərəkatına qarşı çıxan “tituşki”lərin (təxribatçıların) fəaliyyətini təşkil edib. Ukraynanın tələbi ilə Armen Sarkisyan 2014-cü ildən beynəlxalq axtarışa verilmişdi.





Sahil İsgəndərov
AzVision.az


Teqlər: sarkisyan   separatçı   məhv  





Xəbər lenti