AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
  08 Mart 2025    Oxunub:772
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası olub.
AzVision.az xəbər verir ki, iclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin 2025-ci il 10 fevral tarixli iclasında qərar qəbul edilib və akademiyanın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Üzeyir Hacıbəylinin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması ilə bağlı təkliflərini təqdim etmələri tapşırılıb. AMEA rəhbəri ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsinin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunduğunu diqqətə çatdırıb.


Tədbirlər planında “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik”, “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti”, “Üzeyir Hacıbəylinin publisistikasında dil məsələləri”, “Üzeyir Hacıbəylinin Azərbaycanın ictimai-siyasi fikir tarixində yeri”, “Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti”, “Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları”, “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə”, “Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli imzası”, “Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları”, “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti”, “Üzeyir Hacıbəyli – 140” mövzularında konfrans, dəyirmi masa və virtual sərginin keçirilməsi və bir sıra kitabların nəşr edilməsi yer alıb.Müzakirələrdən sonra Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.


Daha sonra ölkə Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub.

Akademik İsa Həbibbəyli görkəmli şairin yubileyinin nəinki ölkəmizdə, bütün Türk dünyasında qeyd olunduğunu, TÜRKSOY-un 2025-ci ili “Bəxtiyar Vahabzadəni Anım İli” elan etdiyini bildirib. AMEA rəhbəri şairin 100 illik yubileyinin akademiyada da yüksək səviyyədə keçiriləcəyini diqqətə çatdırıb. O, AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Bəxtiyar Vahabzadənin yubileyinin qeyd olunması ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması istiqamətində təkliflərini təqdim etmələrini tapşırıb.


İclasda müzakirə edilən növbəti məsələ AMEA-da 27 Mart - Elm Gününün keçirilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda Elm Günü olaraq məhz Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi tarixin müəyyən edilməsi dövlətimizin başçısı tərəfindən AMEA-ya, Azərbaycan elminə və Azərbaycan alimlərinə göstərilən yüksək diqqət, qayğı və etimadın bariz nümunəsidir. Vurğulayıb ki, 80 illik tarixi inkişaf yolu keçmiş akademiyaya bu yüksək etimadın əsasında həm də müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşmasında, milli ziyalı elitasının yetişdirilməsində AMEA-nın fəaliyyəti dayanır.

AMEA rəhbəri bildirib ki, Elm Gününün qeyd edilməsi elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
İclasda AMEA-nın Elm Gününə həsr edilən tədbirinin aprelin 10-da keçirilməsi qərara alınıb və tədbirin proqramı təsdiqlənib.

Rəyasət Heyətinin iclasında, həmçinin AMEA-nın “Əziz Səncər fəxri diplomu”, “Üzeyir Hacıbəyli fəxri diplomu”, “Lev Landau fəxri diplomu”nun təsis edilməsi haqqında qərarlar qəbul olunub.

Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda və Fəlsəfə və Sosiologiya İnstitutunda ölkə rəhbərinin tapşırıqlarından, Azərbaycan dövlətinin milli maraqlarından və müasir dünya elminin çağırışlarından irəli gələrək daxili imkanlar və mövcud ştat vahidi hesabına yeni şöbələr yaradılıb, bəzi şöbələrin adında isə qismən dəyişiklik edilməsi haqqında qərarlar qəbul olunub. Bundan əlavə, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının tərkibində dəyişiklik edilib.

Rəyasət Heyətinin iclasında akademik Sadıq Dadaşovun 120, akademik Mikayıl Useynovun 120, AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 və AMEA-nın müxbir üzvü İlyas Babayevin 90 illik yubileyləri haqqında da qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Rasim Əliquliyev, Arif Həşimov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru Kamil Adışirinov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək təkliflərini səsləndiriblər.
AzVision.az



Teqlər: AMEA   iclas  





Xəbər lenti